YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əməkdaşlığın çox nadir formatını təqdim edir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri   

Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da deyilənlərin təsdiqidir. Böyüklüyündən, kiçikliyindən asılı olmaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr quran və bu əməkdaşlığı zaman-zaman müxtəlif istiqamətlər üzrə inkişaf etdirən Azərbaycan reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Ötən il imzalanan sənədlər də özündə bir çox məqamları ehtiva edir.

Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə rəsmi səfəri oldu. Azərbaycan-Rumıniya əlaqələrinin dünəninə baxış əsasında gələcəkdə bu əməkdaşlığın daha da inkişafına xidmət edəcək addımlar müzakirə olundu. Bu əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayacaq mühüm addımlardan biri ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasıdır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen həmin mərasimdə qeyd etmişdir ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Bu ilin iyulunda xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı isə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir. Azərbaycana ilk səfərinin olduğunu qeyd edən Rumıniya Prezidenti Klaus Yohannis bildirdi ki, Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu dəfəki toplantısının yeniliyi ondan ibarət oldu ki, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı oldu. Cənab İlham Əliyev Azərbaycanın bu sahədə imkanlarını bir daha diqqətə çatdırdı. Yalnız dənizdə külək enerjisinin potensialı 157, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. İki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.

Dövlət başçısı İlham Əliyev Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə isə onu qeyd etdi ki, iş planımızı mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaqdır.”

Cənab İlham Əliyevin sözügedən tədbir çərçivəsində bir sıra görüşləri də oldu. Həmin görüşlərdə səsləndirilən fikirlər Azərbaycanın hazırkı dövrdə dünyanın enerji təhlkəsizliyinin təmin olunmasında roluna işıq saldı. Azərbaycan hər zaman əməkdaşlığın çox nadir və səmərəli formatını təqdim edir. Dövlətimizin siyasəti əməkdaşlığa hesablanıb.

Qeyd edək ki, tədbirlərdə Rumıniya Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak etdilər. Enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olundular.