YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərə böyük diqqət və qayğı ilə yanaşılır

Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının, Quba Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günününə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub. Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Quba rayon Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev açaraq gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əsası Ulu Öndər tərəfindən qoyulmuş çoxşaxəli gənclik strategiyası barədə danışaraq bildirib ki, məhz o siyasi xəttin məntiqli davamı olaraq Azərbaycan gəncliyi gözlərini qırpmadan döyüş meydanlarına atılaraq 44 günlük Vətən müharibəsi dövründə düşmənə heç bir zaman unutmayacağı dərs verdi.

Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərimizə verdiyi xüsusi əhəmiyyət barədə danışaraq bildirib ki, son dövrlər köklü islahatların tərkib hissəsi olan idarəedici strukturlarda gənclərə xüsusi etimad göstərilir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması həmişə dövlətimizin diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək qeyd etdi ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sədr bildirdi ki, Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq,bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir və bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır: “Cənab Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etmişdir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir”.

Tədbirdə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşı kapitan Yasin Məcidov, rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Vətən Müharibəsi şəhidi Əliyev Rəvanın bacısı Ləman Əliyevaya, Vətən Müharibəsi qazisi Fərid Əmiyev, rayonumuzun fəal gənci Səma Asəfova çıxışlar etmişlər. Konfransın sonunda ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gəncə, eləcə də bir qrup şəhid ailəsinin üzvünə və Vətən Müharibəsi qazisinə Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, Quba Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin fəxri fərmanları və hədiyyələr təqdim edilib.