YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi prioritetdir. Bu prinsip əsasında siyasət yürüdən dövlətimizin dünyada dostları davamlı olaraq artır. Belə ölkələrdən biri də Avropa İttifaqının üzvü olan Macarıstandır. Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi.  Səfər zamanı aparılan müzakirələr, imzalanan dövlətlərarası sənədlər də bunu deməyə əsas verir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. 

Deputatın sözlərinə görə, Azərbaycan ilə Macarıstan arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycanla Macarıstan arasında çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Macarıstana səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında ölkələrimiz arasında uzun illəri əhatə edən çoxtərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. “Biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”. Prezident İlham Əliyevin Macarıstana uğurla baş tutan səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha bir təzahürünə çevrildi. Biz bu səfərə dost ölkədə böyük maraq göstərildiyinin şahidi olduq. Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında baş tutan bu görüş Prezident İlham Əliyevin dövlət başçısı kimi dost ölkəyə dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri baş tutub. Səfər çərçivəsində keçirilən tədbirlərdə bildirildiyi kimi, iki ölkə arasında siyasi dialoq mərhələlərlə inkişaf edərək yüksək səviyyəyə çatıb. Hər iki ölkə beynəlxalq səviyyədə bir-birinə daim dəstək nümayiş etdirir.

Səfər çərçivəsində yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai ilə görüşü olub. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Macarıstana birinci xanım Mehriban Əliyeva ilə birlikdə səfər etməsi dost ölkədə yüksək dəyərləndirilib. “Birinci xanım, həyat yoldaşınızı müşayiət etdiyiniz üçün Sizə xüsusilə minnətdarıq. Biz indi Prezidenti və birinci xanımı salamlayırıq və bu da indi siyasətdə adət olunan hal deyil. Prezident Əliyevdən misal olaraq deyə bilərəm ki, ölkəyə rəhbərlik etmək istəyirsənsə sizin bütöv ailəniz olmalıdır. Çünki ailənizdə hər şey qaydasında olmasa, ölkəyə necə rəhbərlik edə bilərsiniz? Beləliklə, biz, sadəcə, Prezident və xanımını deyil, böyük ailənin üzvlərini salamlayırıq. Yaşasın Azərbaycan!”. Bu fikirləri Baş nazir Viktor Orban Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda ifadə edib.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində bu ölkədə Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərlik təqaüd ayrılır. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. İki ölkə arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da yüksək səviyyədədir. 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirib ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır. Öz növbəsində Azərbaycan dost ölkənin TDT ilə yaxınlaşmasına hər zaman öz dəstəyini göstərir. Baş nazir Viktor Orban Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə bunu yüksək dəyərləndirdiyini bildirərək vurğulayıb: “Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir”.

İki ölkə arasında enerji sahəsində də fəal əməkdaşlıq mövcuddur. Macarıstan həm Cənub Qaz Dəhlizini dəstəkləyən ölkələrdən biridir, həm də Azərbaycanda istehsal edilən elektrik enerjisinin Avropaya ötürülməsində vacib rol oynayacaq. Bütün bunların fonunda Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini əminliklə söyləyə bilərik.

DİGƏR Xəbərlər Arxiv