YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda Azərbaycan Gəncləri günü qeyd edilib

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Əvvəlcə rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında yerləşən ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərindən biri olub. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına tarixi töhfədir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında söyləyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Ümumilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə uğurlu fəaliyyətləri ilə Ulu Öndərin gənclər siyasətinə sadiqliyini hər zaman nümayiş etdirirlər. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.

Milli Məclisin deputatları - Elnur Allahverdiyev, Səbinə Xasayeva, Ülvi Quliyev çıxışlarında qeyd ediblər ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir, intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərir. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılan əlverişli imkanlar, verilən mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup fəal gəncə fəxri fərmanlar təqdim olunub.