YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “İrəli” İctimai Birliyi tərəfindən “Gənclər Həftəsi” çərçivəsində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Ramil Həsən, Arzu Nağıyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik sektorunun müdiri Elşən Hüseynov və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd ediblər ki, Azərbaycan Gənclər Gününün ölkə miqyasında qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi dövrdə ölkədə ixtisaslaşmış dövlət qurumlarından biri olan Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi bu sahəyə ayrılan yüksək diqqətin təzahürü idi. Bununla yanaşı, ulu öndər Heydər Əliyev daim gənclərin Vətənə sadiq ruhda formalaşmalı olduğunu qeyd edir, vətən torpağını qorumağı hər bir gənc üçün müqəddəs vəzifə kimi qiymətləndirirdi.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sıralarında yer alan cəsur gənclərimizin adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazması həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən biridir.

30 ilə yaxın davam etmiş işğala son qoyan Azərbaycan gəncliyinin hazırda da bu siyasətin inkişafında yüksək fəallıq nümayiş etdirməsi və ümummilli məsələlərdə yaxından iştirakı tədbir müddətində iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı həyata keçirilən tədbirlər planının əsas məqsədi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətləri ilə gəncləri yaxından tanış etmək, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.