YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Hər bir bayram keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Qürurvericidir ki, artıq iki ildən çoxdur ki, bayramları, tarixi hadisələri Zəfər ovqatında qeyd edirik. Canları, qanları ilə tarix yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu. 44 gündə Qələbəyə imza atmaq gənclərimizin vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Azərbaycan gəncinə diqqət və qayğı Heydər Əliyev siyasətinin əsas tərkib hissəsidir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan Sərəncamlar əsasında Dövlət Proqramları qəbul edildi. Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real fəaliyyəti ilə doğruldur. Cənab İlham Əliyevin Sərəncamı ilə “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.   

2020-ci ilin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Könüllülər ili” elan edilməsi də gənclərə diqqət və qaygının göstəricilərindən idi. Ölkə Prezidentinin bildirdiyi kimi, könüllülük hərəkatı məhz “ASAN xidmət”dən başlayıb.  Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir: “İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni, bu, doğrudan da çox ciddi, gözəl bir niyyətin təzahürüdür. Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. Bax, könüllülük funksiyası və niyyəti bundan ibarətdir.”     

İkinci Qarabağ müharibəsində minlərlə könüllü gəncin iştirakı, yazılan tarixdə onların da öz payının olması, koronavirus infeksiyası ilə mübarizədə könüllü həkimlərin, həmcinin könüllü gənclərin ahıl insanlara sosial xidmətin göstərilməsində fədakarlıqları hər birimizdə qürur hissi yaratdı.  Azərbaycan gəncliyi daim Prezidentimizin ətrafında sıx birləşib, gələcəyə böyük inamla addımlayır. Gənclərimiz dövrün, zamanın tələblərinə uyğun olaraq təkmil islahatların həyata keçirilməsində hərəkətverici qüvvədir.

Bu gün bu fikri böyük inamla və fəxr hissi ilə qeyd edirik ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarix yazan gənclər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir. Milli ruhda tərbiyə alan Azərbaycan gəncləri həm ön, həm də arxa cəbhədə qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular. Gənclərimiz hər bir çağırışı yüksək səviyyədə cavablandırmağa hazırdır.