YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın Olimpiya Komitəsinin prezidenti ilk Avropa Oyunlarında iştirak edəcək bolqar idmançılarından yüksək nəticələr gözləyir

İyunun 3-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin Olimpiya Komitəsinin prezidenti, hündürlüyə tullanma üzrə yeddi qat dünya rekordçusu xanım Stefka Kostadinova ilə görüşüb.

Görüşdə xanım S.Kostadinova ölkələrimiz arasında mövcud əlaqələri yüksək qiymətləndirdiyini, digər sahələrlə yanaşı, idmanda da sıx əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu qeyd etdi.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına toxunan S.Kostadinova, bu mötəbər yarışa yüksək səviyyədə hazırlıqdan, atletlər üçün hərtərəfli şəraitin yaradılmasından, yeni idman komplekslərinin, arenalarının inşa edildiyindən xəbərdar olduğunu bildirdi, buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürünü ifadə etdi. O, Avropa Oyunlarının 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiadasına təsnifat imkanları verəcəyindən məmnun olduğunu qeyd etdi.

Avropa Oyunlarında Bolqarıstanı 127 idmançının təmsil edəcəyini, ümumi heyətin isə 200 nəfər olacağını bildirən xanım S.Kostadinova, bolqar idmançılarının uğurlu çıxışlarına böyük ümidlər bəslədiyini dedi.

Ölkələrimiz arasında tarixi əlaqələrdən danışan səfir E.Kərimov, bu münasibətlərin enerji, turizm, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Səfir idman sahəsində də ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirdi.

E.Kərimov Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərdən, dövlətimizin başçısının bu sahəyə xüsusi diqqət və qayğısından, son vaxtlar ölkəmizdə dünya və Avropa çempionatlarının yüksək səviyyədə keçirilməsindən, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən bəhs etdi. Səfir Avropa Oyunlarında bolqar idmançılara uğurlar arzuladı.

Sonda xanım S.Kostadinovaya birinci Avropa Oyunlarına aid səfirliyin təşəbbüsü ilə hazırlanan müxtəlif suvenirlər və xatirə hədiyyələri təqdim edildi.