YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın qarşıya qoyduğu hədəflər istiqamətində atdığı növbəti addım

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycanın regionda lider, dünyada söz sahibi bir dövlətə çevrildiyini bu gün qürur hissi ilə söyləyə bilirik. 44 gün ərzində qazanılmış Zəfər Azərbaycanı Qalib dövlət kimi dünyada tanıtmaqdan əlavə, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin apardığı uzaqgörən xarici siyasət, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri, işğal zamanı dağıdılmış və yararsız hala salınmış tarixi abidələrin bərpası istiqamətində görülən işlər Qarabağın yenilməz məğrur xalq olan əsil sahiblərinin doğma yurduna qayıtdığını bir daha bütün dünyanın gözləri önünə sərir.

Qlobal miqyasda siyasi münasibətlər zəminində qazanılmış nailiyyətlərin ticari sahəyə də ötürülməsi, regionda yaradılmış yeni reallıqların fonunda həm yaxın qonşularla, həm də dünyanın bir çox ölkələri ilə qarşılıqlı maraqlar əsasında qurulmuş ikitərəfli əməkdaşlıqların yaradılması Azərbaycan üçün prioritet təşkil edir. Sözsüz ki, ticari əməkdaşlıqdan danışan zaman göz önünə gələn və bu gün də gündəliyimizdə üstün yer tutan əsas sahə enerji sahəsidir. Əlbəttə, qeyd etmək yerinə düşər ki, Azərbaycan öz enerji təhlükəsizliyini hələ bir neçə il əvvəl təmin etmişdir. Bu gün Azərbaycan xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.

2023-cü il 16 yanvar tarixində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin rəsmi açılış mərasimindəki çıxışında vurğuladığı kimi, bərpaolunan enerji üzrə nəhəng potensiala malik olan Azərbaycan üçün ixrac iqtisadiyyatımızın şaxələndirilməsi, yeni ekoloji təmiz sektorun yaradılması və həm də Avropa İttifaqına daxil olan bir sıra ölkələrin enerji təhlükəsizliyinə dəstək göstərilməsi baxımından Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Neft və qaz sektoruna vaxtilə böyük sərmayələr cəlb edən Azərbaycanda yerinə yetirilmiş və həyata keçirilmiş meqalayihələr göz önündədir. Elə buna görə də Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu əminliklə söyləmək olar.

Bərpaolunan enerji sektorunu inkişaf etdirməyi hədəf seçən Azərbaycanın bu sahədə olan potensialına gəldikdə quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanının mövcudluğunu söyləyə bilərik.

“Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair imzaladıqları razılaşma qısamüddətli bir layihə olsa da ortamüddətli layihələr nəticəsində stansiyaların güclərinin 10 qiqavata qədər artırılacağı gözlənilir. Əminliklə deyə bilərik ki, həmin layihə nəticəsində “Masdar” ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Təbii olaraq ticari əməkdaşlığın bütün tərəflərini ixrac marşrutları düşündürməlidir. Dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Avropa Komissiyası Prezidentinin şahidliyi ilə “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” imzalanmış Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq ki, bu da Azərbaycanın qarşıya qoyduğu hədəflər istiqamətində atdığı növbəti addımdır.