YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Çin münasibətləri dostluq əsasında qurulub

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev  Azərbaycan və Çin arasında yaxşı dostluq münasibətlərinin olduğunu və bu dostluğun qarşılıqlı hörmətə əsaslandığını qeyd etdi. Ölkələrimizin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı var. Hər iki ölkə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Ölkəmiz Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinlə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərirlər.  Bu isə bir daha təsdiq edir ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir.

Ölkəmiz həmçinin beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibidir. Azərbaycan bu uğura Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində nail olub. Ümumiyyətlə, siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür. Ölkəmizin beynəlxalq nüfuzunu təsdiq edən amillərdən biri dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsidir. Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi səyləri yüksək qiymətləndirilib. Ölkəmiz artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan sədrliyə yekdilliklə seçilib və sonradan sədrlik müddəti daha bir il artırılıb. Çünki Azərbaycan dünyada etibarlı tərəfdaş və əməkdaşlığa açıq olan ölkə kimi tanınır. CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev bildirdi ki, onun siyasəti hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb və yalnız əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür. Təəssüf ki, bəzi ölkələrin ambisiyaları və öz potensialının düzgün hesablanmaması etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bu gün dünyada böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Ölkə başçısı bildirdi ki, böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ancaq silahlar yerə qoyulmalı və diqqətlər bəşəriyyətin üzləşdiyi problemlərə yönəlməlidir. Bir halda ki, dünyada yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması kimi fundamental problemlər mövcuddur. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, Azərbaycanın köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, Azərbaycan kasıblığın nə olduğunu yaxşı bildiyi üçün digər ölkələrə kömək əlini uzadır. Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib və bunu könüllü olaraq, hər hansı təmənna güdmədən edib. Bu baxımdan Çin də Azərbaycanla eyni fəlsəfəyə malikdir. Qlobal arenada dəstək və əməkdaşlıqla bağlı Çinin gördüyü işlər də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir.