YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Ağdam Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam RİH başçısının birinci müavini Allahverən Əliyev, YAP fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün unudulmaz tarixdir və 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Mansur Quliyevin sözlərinə görə, 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Daha sonra tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər bildiriblər ki, 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Bu, törədilmiş qanlı faciəyə verilən ilk siyasi qiymət idi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi. 

Qeyd edilib ki, Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa olunub.