YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar - Xalqımızın qəhrəmanlıq səhifəsi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Hər bir xalqın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifələri olur. Belə faciələrdən birindən, 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən, 33 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.

Həmin soyuqlu–şaxtalı bir qış gecəsi xalqımızın milli azadlıq ruhunu əzmək, müstəqillik istəyini elə beşikdə boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən  bir cinayət idi. Lakin imperiya qoşunları xalqımızın mübarizliyini, mətnliyini sarsıda bilmədi. Hadisələrin ertəsi günü müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı səfirliyinə gələrək, Mixail Qarbaçovun rəhbərliyi ilə azərbaycanlılara qarşı Sovet rejiminin həyata keçirdiyi qanlı qırğını şiddətlə qınayaraq, öz haqq səsini bütün dünyaya nümayiş etdirən bəyanatla çıxış etmişdir. Bu isə əlbəttə ki, ümummili liderin əsl liderlik keyfiyyətlərini nümayiş etdirən hadisələrdən biri kimi tarixə yazılmışdır.

 Ulu öndər Heydər Əliyev qeyd etdiyi kimi, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi Azərbaycan kimliyinin dərk günü və  xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Respublika rəhbərliyinə qayıdandan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət edən Ulu öndər Heydər Əliyevin göstərişi ilə şəhid məzarlarının üstü götürülərək, burada memorial kompleks ucaldılıb, 20 Yanvar günü Ümumxalq hüzn günü elan olunub, “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib və 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi işlərinə başlanılıb. Bu istiqamətdə tədbirlər bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20 Yanvar Şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin 500 manat təşkil edən təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib. Şəhid ailəsinin nümayəndələrinə, müharibə əlillərinə və ümumilikdə xalqımıza göstərilən qayğı və vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir.