YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi partiyalar haqqında” yeni qanun zamanın tələbidir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Bu müasir zamanın tələblərindən irəli gələn bir məsələdir. Yeni qanun layihənin hazırlanmasında bir neçə qabaqcıl Avropa ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb.  Böyük ictimai əhəmiyyət daşıyan yeni qanun layihəsinin hazırlanmasına həssaslıqla  yanaşılıb. Qanun layihəsi hazırlanarkən ölkəmizdəki siyasi partiyalar tərəfindən daxil olan təkliflərə də diqqət yetirilmişdi. 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu.

Qeyd edək ki, siyasi partiyalar haqqında indiyədək olan qanun ­1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi. Ölkəmizdəki bir çox siyasi ekspertlərin yekdil fikri bundan ibarətdir ki, yeni dövlət sənədi bu baxışın ifadəsi baxımından kifayət qədər əlverişli məzmuna malikdir.

Siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi siyasi sistemimizin  özünün sifarişindən irəli gələn bir məsələdir. Odur ki, Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın bu barədə təşəbbüsü dərhal müsbət qarşılandı və nəticədə, bugünkü siyasi münasibətlərin tələblərinə uyğun olan yeni qanun layihəsi ərsəyə gəldi. Yeni qanunun qəbul edilməsini zəruri edən səbəblər vardır ki, bunlardan birincisi ölkəmizdə aparılan dərin siyasi islahatlardır. Başqa bir səbəb ondan ibarətdir ki, əvvəlki qanun 1992-ci ildə qəbul edildiyi üçün günümüzün reallıqları və siyasi sistemimizin inkişafı ilə ayaqlaşmırdı.

Bu gün ərazi bütövlüyümüz bərpa edilib, Qarabağ problemi aradan qaldırılıb və bu tarixi proses nəticəsində cəmiyyətimizdə 44 günlük müharibədən sonra yeni siyasi mühit yaranıb. Bütün bunlar siyasi fəaliyyət baxımından günün tələblərinə cavab vermədiyindən  daha təkmil yeni qanun hazırlamaq lazım idi. Ona görə də Milli Məclisdə qəbul edilən yeni qanun daxili siyasi aktorlarımızın, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının geniş müzakirəsinə təqdim edildi, 200-ə qədər əlavə və dəyişikliklər edilərək təkmilləşdirildi. Nəticədə yeni reallıqda siyasi sistemimizdə milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun layihəsi ortaya çıxdı.

Hazırkı mərhələdə ölkəmizin yaratdığı yeni siyasi reallıqlar siyasi partiyalarımız qarşısında yeni vəzifələr və çağırışlar müəyyənləşdirib. Ona görə də siyasi partiyalar haqqında qanun da bu çağırışların və vəzifələrin reallaşmasına hüquqi əsaslar yaratmalı idi. Yeni qanun da  siyasi sitemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər təkmildir. Bu qanun siyasi spektrdə böyük canlanma yaradacaq və ölkədə mövcud olan siyasi partiyaların fəaliyyəti üçün əsl lokomotiv rolunu oynayacaq.  Yeni qanun eyni zamanda siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq.

Ümid edirik  ki, yeni qanun  hər şeydən əvvəl, ölkəmizin milli təhlükəsizlik maraqlarına xidmət edərək dövlətimizin  siyasi həyatında aktiv  şəkildə iştirak edəcəkdir.