YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanunun qəbulu ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan ən islahatçı ölkələr sırasında qərarlaşıb. Dövlət başçısı İlham Əliyev islahatlar prosesinin labüd olduğunu bildirir. “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir” söyləyən ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edir ki, uğurla başlayan siyasi dialoq siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.

Bu uğurları şərtləndirən əsas amil dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitliyin, qanunun aliliyinin təmin olunmasıdır. Hər bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq mövcud ictimai-siyasi duruma, demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirir. Azərbaycan daim dünya üçün açıq, insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik ölkə kimi qəbul edilir. Bu uğuru da böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın tarixi Zəfərinin reallıqları bütün sahələrdə təkmilləşməni bir tələbə çevirir. Bu baxımdan əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranır. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycan beynəlxalq aləmdə islahatçı, yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu yüksək dəyərləndirirəm. Sənəddə əksini tapan 30 maddə özündə bütün çağırışları ehtiva edir və onların yerinə yetirilməsini bir tələbə çevirir. Qanunlara riayət etmək hər kəsin borcudur. “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul edilmişdir. Hər dəfə Qanuna əlavə və  dəyişikliklərin ediməsi gec-tez yeni Qanunun qəbulunu zərurətə çevirəcəkdi və çevirdi.

Yeni qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə edildi. Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alındı.

Yeni Qanun əvvəlkindən fərqli məqamları özündə  ehtiva edir. Belə ki,  hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Göründüyü kimi, yeni Qanun Azərbaycanın demokratik inkişafına yeni əlavələr gətirəcək maddələrlə zəngindir. Onlardan irəli gələn vəzifələrin uğurlu icrası ölkəmizdə çoxpartiyalı sistemin daha da möhkəmləndirilməsinə böyük töhfə olacaq.