YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyanın diqqətindədir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan tarixi həqiqətlərə, real faktlara söykənərək haqq səsini dünyaya çatdırdı və diplomatik mübarizədə qələbəsi, 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi.  Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məqama xüsusi diqqət yönəltdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi.

İki ildən artıq dövrdə Azərbaycanın möhtəşəm Zəfərimizin yaratdığı reallıqların dünya güclərinə qəbul etdirilməsi istiqamətində atdığı addımların uğurlu nəticələri göz önündədir. Əksər dünya gücləri bu reallıqları qəbul etdi və Azərbaycanın haqlı tərəf olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onların tətbiqi üçün davamlı addımlar atmaq, bir sözlə, fədakarlıq göstərmək lazımdır. Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətində olub.  Bu gerçəklik də daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla baxan xalq tarixin şərt sınaqlarından daim üzüağ çıxır, yeni hədəflərə doğru inamla irəliləyir. Azərbaycan bu baxımdan dünyanın diqqətindədir.

Azərbaycan xalqı tarixin ayrı-ayrı dövrlərində ermənilərin soyqırımı və deportasiya siyasəti ilə üz-üzə qalıb. Bu, tarixdir. Bunu inkar etmək qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyev istər ötən il dekabrın 24-də Qərbi Azərbycandan  olan bir qrup ziyalı ilə görüşündə, istərsə də sözügedən müsahibəsində tarixin saxtalaşdırılmasının yolverilməzliyini diqqətə çatdırdı.  Hazırkı dövrün əsas çağırışılarından biri Qərbi Azərbaycana qayıtmağımızdır.

Cənab İlham Əliyev bildirdi: “Prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək... Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq... Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək.”

Ölkə Prezidenti Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşəndə Avrasiya məkanında, yeganə monodövlətin yalnız Ermənistan olduğunu vurğulayaraq onu da qeyd etmişdi ki, başqa xalqları oradan müxtəlif yollarla çıxarıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar: “Bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin”

Cənab İlham Əliyev bu fikirlərin davamı olaraq müsahibəsində bildirdi ki, Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır. Onların oraya qayıtmaları burada  yaşayan ermənilərin çıxarılması demək deyil.  Çünki o kəndlər boşdur. Bu çağırış da əminliklə ifadə edilir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.

Bunun üçün təbliğat işinin gücləndirilməsi prioritetdir. Dünya tarixi həqiqətlər barədə aydın təsəvvürə malik olmalıdır. Ən əsası dünya bilməlidir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. “Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni, çox geniş proqram hazırlanır” söyləyən cənab İlham Əliyev əminliklə bildirdi ki, bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir: “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik.”