YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi partiyaların fəaliyyətinə daha geniş imkanlar yaradacaq

“Tarixi Zəfərimizin reallıqları həyatımızın bütün sahələrində yeniləşmənin, təkmilləşmənin qaçılmaz olduğunu bariz şəkildə ortaya qoyur. Tarixi Zəfərimizdən sonra Azərbaycana hansı sahədən baxsaq böyük  yeniliyin şahidi olarıq. Yenicə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Qanun cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Ümumilikdə sözügedən Qanun hansı yeniliklərə yol açacaq? Hər yeni sənəd təbii ki, qarşıdakı dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan hər bir ölkənin inkişafında, həmçinin xarici dövlətlərlə ikitərəfli əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarının diqqət götərdiyi əsas məsələlər sırasındadır. Azərbaycanda 50-dən artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal şəraitin yaradılması da  demokratik inkişafın təqdimatında öz sözünü deyir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu günədək siyasi partiyaların fəaliyyətini tənzimləyən  “Siyasi partiyalar haqqında” əvvəlki Qanun 1992-ci ildə qəbul edilmişdi: “Sənədin qəbulundan 30 il vaxt keçir. Bu illər ərzində Azərbaycanın qazandığı uğurların xronologiyası siyasi sistemdə aparılan islahatların real nəticələrini ortaya qoyur. Bircə bu faktı qeyd edə bilərik ki,  bu günədək əvvəlki Qanuna 27 dəfə əlavə və dəyişiklik edilib. Həmin Qanun təbii ki, qəbul olunduğu dövrün reallığını əks etdirirdi. Bu, o dövr idi ki, Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Təbii  ki, o zamanın hədəfləri tamamilə fərqli idi.  İllər keçdikcə inkişaf yolunda inamla irəliləyən Azərbaycanın  ictimai-siyasi həyatında dünyanı heyrətləndirən  yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hər zaman çağırışları yüksək səviyyədə cavablandıran Azərbaycanın dövlətinin mövcud qanunlara mütəmadi olaraq əlavə və dəyişikliklər etməsi də bu tələblərdən irəli gəlirdi.”

“Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar yeni çağırışları gündəmə gətirir. Dünya tarixi Zəfərimizdə  Azərbaycan xalqının birliyinin, vətəndaş həmrəyliyinin  müstəsna rol oynadığının şahidi oldu. 44 günlük müharibədə 50-dən artıq siyasi partiya həyata keçirilən siyasətə dəstəyini Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə ifadə etdi. 50-dən artıq siyasi partiyanın qəbul etdiyi birgə Bəyanatda dövlət başçısı İlham Əliyevin siyasətinin bugününə və gələcəyinə böyük inam ifadə edildi. Tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması da siyasi dialoq mühitinin inkişafında mühüm addım kimi dəyərləndirildi”,- deyə  YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə xatırladıb ki, parlamentdə  təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər: “Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapmışdı.  50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim etdilər. Sənədin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınmaqla, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirildi. Hər bir ölkənin inkişafında, beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, dünyaya təqdimatında siyasi partiyaların rolunu önə çəkən dövlətimiz daim siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların yaradılmasına səy göstərir. Yeni Qanunda partiyaların dövlət büdcəsindən maliyyələşməsinin prioritet məsələ kimi öndə saxlanılması da bu diqqət və qayğının bariz nümunəsidir.”

“Bu diqqət və qayğının əyani təzahürlərini görmək üçün “Siyasi partiyalar haqqında” Qanunda yer alan məqamlara diqqət yetirmək kifayətdir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, yeni sənədin tələblərinə uyğun olaraq hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir: “Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni Qanunda hansı hallarda  siyasi partiyaların  təsis edilməsinə və fəaliyyətinə yol verilmədiyi də öz əksini tapıb. Əvvəlki Qanundan fərqli olaraq bundan sonra siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Qanuna uyğun olaraq çap mediasını təsis etmək  üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Qanunda siyasi partiyanın maliyyələşdirilməsində əsas məqamlar da yer alır. Ümumilikdə yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, “Siyasi partiyalar haqqında”  yeni Qanun ümumilikdə siyasi partiyaların normal fəaliyyətinə daha geniş imkanlar yaradacaq. Ümumi qənaət budur ki, nə qədər siyasi partiya yaradılsa da onların fəaliyyətində bir prinsip əsas götürülməlidir:  Dövlətə, dövlətçiliyə xidmət.