YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli maraqlar naminə

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Artıq bu bir ənənədir ki, yeni ilin əvvəlində yerli media orqanlarının nümayəndələri ilə Prezidentin görüşü olur. Belə fürsəti yaxşı dəyərləndirən jurnalistlərin bütün sferalardan olan suallarını səmimi şəkildə cavablandıran Prezident öz mövqeyini ifadə edir. Bu il də eyni vəziyyətin şahidi olduq. Dövlət başçısının səsləndirdiyi fikirlər bir çox mühüm məsələlərə aydınlıq gətirdi.  

Bəllidir ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatından kənarda deyil. Dünyada baş verən hadisələr, müharibələr, kataklizmalar, qiymət artımları əlbəttə, ölkəmizdə də hiss olunmaqdadır.  Prezident İlham Əliyev dəfələrlə bildirib, bərpa prosesinə heç kim bir manat da olsun yardım etmir. Amma gəlin baxaq, görək, bu həmişə beləmi olur?! Hələ Rusiya-Ukrayna müharibəsi davam edir. Lakin artıq bərpa prosesi ilə bağlı layihələr açıqlanır, yardımlar edilir. Həmişə də belə olub. Müharibə Azərbaycan ərazilərində olub və bizə maddi, mənəvi, psixoloji yardımlar edilməlidir. Lakin nədənsə, növbə bizə gələndə bütün qlobal dəyərlər unudulur. Məhz bu səbəbdən biz vahid və güclü xalq kimi birləşərək milli maraqlar naminə mübarizəyə davam etməliyik. Bütün təyziqlərə və bizə qarşı ikili münasibətlərə rəğmən bərpa prosesi sürətlə davam edir və bu il Laçın rayonuna artıq insanlar qayıdacaqlar.

Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, dünya okeanına birbaşa çıxışı olmasa da nəqliyyat mərkəzinə çevrilib. İndi dünyanın iki uzaq qütbünü, qərblə şərqi, istehsalla istehlakı birləşdirən yol - orta dəhliz məhz Azərbaycandan keçir. İndi bütün nəqliyyat infrastrukturu yenidən qurulur. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ehtimal olunan malların miqdarı kifayət qədər böyükdür. Azərbaycan eyni zamanda da enerji ölkəsi, enerji ixrac edən və tranzit ölkə kimi öz nəqliyyat şəbəkəsini buna uyğunlaşdırır. Sirr deyil ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropada Azərbaycan enerjisinə xüsusi tələbat formalaşmış və Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı artmışdır. Avropada yaranmış müharibə vəziyyəti hətta Rusiyanın özü üçün belə Zəngəzur dəhlizini böyük əhəmiyyətli predmetə çevirmişdir. Azərbaycan məhduyyətlərin fonunda dünyanın iki zidd qütbü arasında əlaqələndirici rolu oynamağı böyük məharətlə bacarır. İndi Avropanın ən hörmət edilən beyin mərkəzləri Azərbaycanda olan inkişafı və baş verən hadisələri müzakirə edir, öyrənir və təhlil edirlər. Bu da ölkəmizə olan yüksək marağın göstəricisidir.

Prezident İlham Əliyevin toxunduğu əsas məqamlardan biri də Ermənistan-Azərbaycan münasibətləri, Qarabağda erməni vətəndaşlarımızla əlaqələrin gələcəyi və digər məsələlər idi. Cənab İlham Əliyev Laçın-Xankəndi yolunda yaşları gənc, ürəkləri isə müdrik olan fəallarla qürur duyduğunu bildirmiş, gənclərimizin mübarizə əzmini daha da artırmışdır.  Əlbəttə, əgər Laçın-Xankəndi yolu açıqdırsa, deməli Zəngəzur dəhlizi də açıq olmalıdır. Əgər Qarabağda erməni əhalisi yaşaya bilirsə, deməli Qərbi Azərbaycandan olan azərbaycanlılar da paralel şəkildə öz ata-baba torpaqlarına qayıtmalıdırlar. Bununla bağlı cəmiyyət, dövlət əl-ələ verib, birləşib çalışmalıdır.

2023-cü ilin haqlı olaraq Ermənistan üçün son şans olduğunu ifadə edən cənab Prezident 2025-ci ildə Rusiya sülhməramlılarının regiondan çıxacağını xatırladaraq əslində hər bir detalın nəzarətdə olduğunu demişdir. İndi Ermənistan sərhədlərin müəyyən edilməsi məsələsinə baxmalıdır. Doğrudan da əgər sərhədlər müəyyən edilməyibsə, o zaman Azərbaycan-Ermənistan sərhədləri kim harada mövqe tuta bilirsə, oradan da keçir. Bu, çox məntiqli yanaşmadır. Bu il sülh üçün Ermənistanın son şansıdır və proses başlamalıdır. Praqada Fransa ilə baş-başa verib etdikləri oyunbazlıqları bir kənara qoyub normal sülh danışıqlarına başlamaq lazımdır. Azərbaycan dəfələrlə bunu ifadə edib.

Ermənistana sülh Azərbaycandan daha çox lazımdır. Laçın-Xankəndi yolunda baş verənlər bir daha göstərdi ki, Azərbaycan ordusunun çox kiçik bir hissəsi bir neçə saat ərzində Xankəndi və ətraf əraziləri fiziki nəzarətə götürməyə qadirdir. Buna kim necə maneə ola bilər ki?! Lakin məsələnin siyasi-diplomatik həlli var. Özü də aksiya başlayan andan bu günə qədər 400-dən çox sülhməramlı hərbi maşın keçid edib. Əlbəttə sülhməramlı maşınların keçidinin kəskin artımını biz başa düşürük və bunun Qarabağda yaşayan erməni əhalinin təminatı üçün edildiyini də anlayışla qarşılayırıq. O insanlar bizim vətəndaşlarımızdır və biz onlara istənilən yardımı göstərməyə qadirik. Qarabağda yaşayan erməni əhalisinin gözəl həyatı məhz Azərbaycanla bağlıdır. Bunu öz müsahibəsi zamanı cənab Prezident bir daha vurğuladı.

Əgər siyasi-diplomatik həll yolları bitərsə, o zaman Azərbaycan müharibədən sonra yenidən formalaşdırdığı müasir ordusu ilə istənilən əməliyyatı icra edərək nəticə əldə edəcəkdir. Azərbaycanın üçüncü dəfə müharibə etmək arzusu yoxdur. Lakin Azərbaycan ona qarşı yönəlmiş istənilən təhdidin, təhlükənin qarşısını alacaqdır. Ölkəmiz öz müdafiə ehtiyaclarını nəinki milli istehsal hesabına təmin etməyi hesablayır, hətta Rusiya-Ukrayna müharibəsi ilə boş qalmış silah bazarını da silah satışı ilə təmin etməyi planlaşdırır. Bunlar əlbəttə, Müzaffər Ali Baş Komandanın mümkün, real və çox yaxın gələcək planlarıdır. Ermənistan kimi bir ölkənin belə bir dövlətlə, ordu ilə və rəhbərlə üz-üzə gəlməsi özünəqəsddən başqa bir şey deyildir.