YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi kursun konturları: prioritetlər bəllidir

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu. Dövlətimizin başçısı Azərbaycanın siyasi xəttinin konturları ilə bağlı ölkə ictimaiyyətini məlumatlandırdı, proqram xarakterli fikirləri ilə ötən ilin uğurlarını dəyərləndirərək qarşıdakı prioritetləri göstərdi.  

Dövlət başçısı müsahibəsində hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqidən bəhs edərək Azərbaycanın iqtisadiyyatını düzgün qurması nəticəsində əldə etdiyi nəticələri statistik rəqəmlər əsasında diqqətə çatdıraraq bildirdi ki, iqtisadi və sosial siyasətimiz biri-birini tamamlayır. İqtisadi islahatların davamlılığı ölkənin dayanıqlı inkişafının əsasıdır. Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır. Dövlətimizin başçısı daim bu fikri vurğulayır ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Bunun üçün də ilk növbədə ölkənin güclü dayanıqlı iqtisadi potensialı olmalıdır. Azərbaycan sosial dövlətdir və əminliklə demək olar ki, iqtisadi müstəqilliyini təmin edən ölkəmizdə indiyə kimi heç bir sosial layihə təxirə salınmayıb. Minimum pensiya və minimum əməkhaqlarının artırılması prosesi bu il də davam etdiriləcək. Yəni son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq. Prezident öz çıxışında bu il Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağının gözlənildiyini də bildirdi. Bütün bunlar İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində insan amilinin dayandığını bir daha isbatlayır. 

 Prezident bir daha vurğuladı ki, 2023-cü il Azərbaycan üçün düşərli olacaq. Dövlət başçısı ümid edir ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il arzuolunmaz hadisələr baş verməyəcək: "Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik". Ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasına da toxunan dövlətimizin başçısı bunu “blokada” adlandırmağın insafsızlıq olduğunu qeyd edərək, tələblərin tam ədalətli olduğunu, qanunsuz istismarın dayandırılmasını tələb etdiklərini və buna nail olacaqlarını qeyd etdi.

Prezident İlham Əliyev bu il də dövlətin əsas diqqət mərkəzinin, yəni əsas xərclər istiqamətinin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesi olacağını söylədi. Əsas məsələ yenə də işğaldan azad edilmiş yurd yerlərimizin bərpası və ordu potensialımızı gücləndirməkdir. Dövlət başçısı İlham Əliyev bu il laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını da bildirdi. Müzəffər Ali Baş Komandanın əminliklə söylədiyi bu fikirlər hər bir laçınlının, o cümlədən bütün Azərbaycan xalqının Zəfər sevincini daha da artırdı. Soydaşlarımız yurd-yuvalarına qayıdacaq, bu torpaqlara yeni həyat verəcək, malik olduğu iqtisadi resurslardan istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcəklər. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Bir sözlə, Prezident İlham Əliyevin növbəti konseptual xarakterli müsahibəsi çoxlu sayda əhəmiyyətli mesajlarla yadda qaldı.

DİGƏR Xəbərlər Arxiv