YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam qələbə deməkdir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycan öz Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasətlə öz yoluna davam etməkdədir. Bütün maneələr aşılır, ölkəmiz regionda və dünyada nüfuzlu və etibarlı tərəfdaş kimi mövqeyni  daha da genişləndirir. Müharibədə çaldığımız qələbə nəticəsində Prezident İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaqgörən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Otuz il ərzində Ermənistan cəmiyyətinə təlqin olunan “yenilməz erməni ordusu” mifini Azərbaycan Ordusu 44 gün ərzində tamamilə məhv etdi. “Qəhrəman erməni əsgəri”, “görkəmli erməni sərkərdələri” kimi tezislər bütün inandırıcılıq gücünü itirdi.

İkinci Qarabağ müharibəsinin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından iki ildən çox vaxt keçir. Amma buna baxmayaraq, Ermənistan tərəfi, hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Ermənistan hakimiyyəti regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələri sabotaj etməklə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır. İstər 10 noyabr üçtərəfli Bəyanatda, istərsə də 11 yanvar 2021-ci ildə keçirilən Moskva görüşündə qəbul olunan Bəyannamədə əksini tapan müddəaların icrası istiqamətində Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir: Amma Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir.  

Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bildirdi ki: “Bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər”.

Təəssüf ki, Ermənistanda hələ də düşünürlər ki, üzərlərinə götrdükləri öhdəliklərdən yayına, mövcud situasiyanı öz xeyirlərinə dəyişdirə biləcəklər. Revanşist qüvvələr və erməni havadarları müxtəlif bəhanələrlə sülh müqaviləsinin bağlanmasına mane olur. Keçən ilin 13-14 sentyabr əməliyyatları bir daha göstərdi ki, Azərbaycan Ordusunun qarşısında hər hansı güc nümayişi ermənilərə ancaq və ancaq məğlubiyyət riski, əzilib məhv olmaq təhlükəsi vəd edir. Bu əməliyyatın nəticəsi olaraq Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib ki, həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir.  Təəssüf ki, gözlənilən sülh müqaviləsi 2022-ci ildə bağlanmadı. Bu məsələyə toxunan dövlətimizin başçısı deyib: “Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik”.

Bəli, dünya artıq bölgədə hansı proseslərin getdiyini, sülhə mane olanları yaxşı tanıyır. Həm də dünyada gedən proseslər göstərir ki, bölgədə Azərbaycanın razılığı olmadan hər hansı bir layihə reallaşa bilməz. Özünə havadar axtaran Ermənistanın revanşist illüziyaları ilə qabağa da getmək mümkün deyildir. Onlar nə qədər silah alsa da Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında deyillər. Çünki Azərbaycanın ən güclü  silahı olan, xalq-iqtidar birliyi, vətənpərvərlik, torpağa bağlılıq onlarda yoxdur. Bunu artıq bir aya yaxındır ki, Laçın-Şuşa yolunda ekofəalların keçirdiyi aksiya bir daha sübut etdi. Cənab Prezidentin söylədiyi kimi bu aksiyanı blokada adlandırmaq insafsızlıqdır, gülüncdür. Öz Vətənimizdə, öz torpağımıəzda hər hansı bir aksiya, özü də dinc aksiya, keçirmək bizim hüququmuzdur. Cənab Prezidentin qeyd etdiyi kimi “Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər.”

Zaman göstərdi ki, Azərbaycan xalqı bütün çətinliklərə sinə gərərək öz ərazi bütövlüyünü bərpa etdi. Zaman kimin dost, kimin  düşmən olduğunu da göstərdi. Təəssüf ki, bizim dost əli uzatdığımız, dostluq etmək istədiyimiz bəzi dövlətlər bunu düzgün qiymətləndirmədi, öz maraqları naminə bizim maraqlarımızı qurban verməyə cəhd etdilər. Lakin unutdular ki, Azərbaycan xalqının uzaqgörən siyasi lideri və onun siyasətinə inanan, arxasında duran xalq var. Bu unutqanlıq da onların bütün cəhdlərini alt-üst elədi.

Fransa, Hindistan kimi ölkələrin istəyindən asılı olmayaraq bu gün Azərbaycan öz sözünü deyir və deyəcəkdir. Bu gün Böyük Qayıdışı ardıcıl və dinamik şəkildə həyata keçirən, Qarabağı yenidən cənnətə çevirməyi qarşısına məqsəd qoyan xalqımız, onun Müzəffər Ali Baş Komandanı bu məqsədə çatmaq üçün əlindən gələni edəcəkdir. Biz buna inanırıq. İnam da qələbə deməkdir!