YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh təklifi uzun müddət masa üzərində olmayacaq

“Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha Azərbaycanın iqtisadi və siyasi uğurlarından geniş bəhs edərək diqqəti tarixi həqiqətlərə, real faktlara yönəltdi, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Sözügedən müsahibə Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında, ölkəmizin informasiya cəbhəsində üstünlüyünün daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. Ölkə Prezidenti bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra qarşıda duran əsas vəzifə hərbi Qələbəmizi siyasi müstəvidə təsdiqləmək olub. Bu gün müharibənin nəticələri dünya tərəfindən qəbul edilir.

Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın uğurlarında ədaləti və beynəlxalq hüququ müdafiə etməsi, bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll olunmasına çağırışları dayanır. Dövlətimizin siyasəti əməkdaşlıq əlaqələrinin qurulmasına və yeni prioritetlər üzrə inkişaf etdirilməsinə xidmət edir. Bu reallıq da inkaredilməzdir ki, Azərbaycan dünyada sabitlik, əmin-amanlıq, təhlükəsizlik məkanı kimi tanınır və nüfuz qazanır. Ölkəmizin iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilməsində də bu kimi amillər əhəmiyyətli rol oynayır. Günümüzün qürurverici reallıqlarından biri budur ki, hazırda işğaldan azad edilmiş ərazilərimiz də belə tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin növbəti müsahibəsi də özündə böyük ruh yüksəkliyini, xoş ovqatı, gələcəyə baxışı, biri-birindən mühüm əhəmiyyət kəsb edən çağırışları ehtiva edir: “Cənab İlham Əliyev Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsindən geniş bəhs edərək işğalçı dövləti məsuliyyətli olmağa çağırdı. Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsinin imzalanmasına hazır olmalıdırlar. Bir mühüm məqamı da xüsusi qeyd edək ki, Azərbaycan dövləti Ermənistana sülh müqaviləsini təklif etdiyi gündən bu bəyanatı səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində olmayacaq. Dövlət başçısı İham Əliyev sözügedən müsahibəsində də sülh müqaviləsinin imzalanması prosesindən bəhs edərək növbəti dəfə Ermənistana və ona havadarlıq edən dövlətlərə bu çağırışı etdi ki, bu, masa üzərində bir müddət olacaq.”

Əliabbas Salahzadə 2023-cü ildə Böyük Qayıdışın daha da sürətləndiriləcəyini bildirib: “Dövlət başçısı İlham Əliyev bu il laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirdi. Müzəffər Ali Baş Komandanın əminliklə söylədiyi bu fikirlər hər bir laçınlının, o cümlədən bütün Azərbaycan xalqının Zəfər sevincini daha da artırdı. Soydaşlarımız yurd-yuvalarına qayıdacaq, bu torpaqlara yeni həyat verəcək, malik olduğu iqtisadi resurslardan istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcəklər.”

Millət vəkili, eyni zamanda, dövlət başçısının keçmiş köçkünlərin öz dogma torpaqlarına qayıtdıqlarını görərkən keçirdiyi hisslərə də diqqəti yönəldib: “Cənab İlham Əliyev bununla bağlı ünvanlanan suala cavab olaraq bildirdi ki, mən onlar qədər xoşbəxtəm, yəni, onlardan fərqlənmirəm. Çünki onları orada görmək, onların sevincini görmək, doğurdan da böyük xoşbəxtlikdir: “Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq.”

Əliabbas Salahzadə onu da bildirib ki, bu qayıdışla paralel olaraq bir çox kəndlərdə artıq inşaat işlərinə başlanılıb: “Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq.”

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, dövlət başçısı İlham Əliyevin müsahibəsində diqqət göstərdiyi bir sıra məqamlar günümüzün əsas müzakirə mövzusuna çevrildi: “Tarixi ədalətin bərpasına yönələn mühüm çağırışlar sırasında Qərbi Azərbaycana qayıdacağımız da əsaslı şəkildə diqqətə çatdırıldı. Müzəffər Ali Baş Komandan bildirdi ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.”