YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan öz sözünü açıq deyən və müstəqil siyasət aparan ölkədir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində  Prezident İlham Əliyev görülmüş işləri çox əhatəli formada təhlil etdi və qarşıda dayanan vəzifələr, Azərbaycan dövləti üçün prioritet olan sahələr üçün mövcud planlardan bəhs etdi. Ölkə başçısı müsahibəsində bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifə şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan öz sözünü açıq deyən və müstəqil siyasət aparan ölkədir. Təbii ki, bunun təməlində ölkəmizin hərbi gücü və şanlı Qələbəmiz dayanır. Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə əldə etdiyi tarixi Zəfərə diqqət çəkən Prezident İlham Əliyev xatırlatdı ki, ordumuz müharibə zamanı öz gücünü, iradəsini, xalqımız isə bütövlükdə əyilməz ruhunu göstərdi. Ordumuzun bu gün də gücləndirilməsi heç kimə sirr deyil. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bəyan etdi ki, biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır. Müasir orduquruculuğu sahəsində aparılan işlər nəticəsində yeni komando qüvvələri artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Xüsusi Təyinatlı Qüvvələrin sayını ən azı iki dəfə artırılıb və bundan sonra da artırılacaq. Həmçinin Sərhəd Xidmətinin xüsusi təyinatlılarının, Dəniz piyadalarının, Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayı artırılmışdır. Bundan əlavə, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılmışdır. Bütün bu qeyd olunanlar bir daha onu təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, modernləşdirilməsi istiqamətində davamlı və planlı işlər görülür. Ölkəmizin hərbi gücü və potensialı haqqında danışarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır, eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq. İlk növbədə ölkəmiz öz tələbatını maksimum təmin edəcək, həmçinin ixrac imkanlarını da genişləndiriləcək. Azərbaycan hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edir.

Ölkəmizin hərbi gücünün artması və yerli hərbi sənayenin inkişaf etdirilməsi fonunda Ermənistanın silaha vəsait xərcləməsi əbəs yerədir. Ermənistan dərk etməlidir ki, təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra ölkəmizin Ermənistan tərəfinə göndərdiyi siqnallar da ondan ibarət idi ki, onlar bu vəziyyətlə barışmalıdırlar. Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atıb və bu da qarşıdurma başa çatmalıdır deməkdir. Ölkə başçısı müsahibəsində bildirdi ki, bütün bunlara rəğmən təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Prezident İlham Əliyev onu da qeyd etdi ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq.

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində  əsas istiqamətlərdən biri iqtisadi məsələlər və əhalinin sosial rifah halının yaxşılaşdırılmasının hər zaman diqqət mərkəzində saxlanılacağı ilə bağlı fikirləri oldu.  Ölkə başçısı bildirdi ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Məhz Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün ölkəmiz bu mənfi təsirə məruz qalıb. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsas məqsədlərindən biri də dünyadakı bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihə və proqramlarla yüngülləşdirməkdir. Azərbaycan müharibədən təzə çıxmış və ərazisinin 20 faizi tamamilə dağılmış ölkə olmasına baxmayaraq sosial sahəyə böyük həcmdə vəsaitin ayırılması ölkə başçısının sosial siyasətinin dəyişməz olaraq qaldığını təsdiqləyir.  Həyata keçirilən düşünülmüş iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Belə ki, ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə - 134 milyard manata və ya  80 milyard dollara çatıb.  Ölkəmizin xarici ticarəti 50 milyard dolları ötüb və xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir.

Məlum olduğu kimi, bu gün inflyasiya bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində belə inflyasiya 10 faizi üstələyir. Ölkəmiz dünya iqtisadiyyatının bir parçası olduğu üçün bir çox malları idxal edir və buradan irəli gələrək Azərbaycanda inflyasiya qaçılmaz olur.  Bu kimi risklərdən yayınmaq üçün idxalı əvəzləyən yerli istehsalın daha geniş vüsət alması üçün mühüm işlər görülür. Bu mövzuda danışarkən Prezident İlham Əliyev vurğuladı ki, minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatdırılıb. Həmçinin pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırılaraq 280 manata çatdırıldı və bu proses davam etdiriləcək. Ümumiyyətlə, son illərin təcrübəsi onu göstərir ki, bu davamlı xarakter daşıyır və ölkənin iqtisadi imkanları artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq, əhalinin sosial rifah halı daha da yüksəldiləcəkdir. Eyni zamanda, ölkəmizdə ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Bu sahədə olan bütün neqativ hallar aradan qaldırılmış və hazırda 60 minə yaxın ailənin dövlətdən ünvanlı sosial yardım alması təmin olunmuşdur. Ünvanlı sosial yardımın məbləği ildən-ilə artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Bundan əlavə, bu il Azərbaycanda orta aylıq əməkhaqqının da məbləği artaraq 900 manatdan çox olacaq.

Hər zaman olduğu kimi, yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində də  Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini xüsusilə diqqət mərkəzində saxladı. Belə ki, Qərbi Azərbaycan mövzusunda danışarkən ölkə başçısı bildirdi ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum olub. Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmağı vaxtından əvvəl atılan bir atəşə bənzədən Prezident cənab İlham Əliyev artıq bu məsələnin də vaxtının yetişdiyini qeyd etdi. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu beynəlxalq arenaya çıxarılıb, bünun üçün xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Ölkə başçısı müsahibəsində bir daha vurğuladı ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Azərbaycan dövləti  də əlindən gələni etməlidir ki, bu hüquq təmin olunsun. Azərbaycan dövləti bunu sülh yolu ilə etmək istəyir və buna nail olacaq. 

Bu gün Avrasiya məkanında monodövlətlər yoxdur və Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması monodövlət damğasını öz üzərindən götürmək üçün Ermənistana yaxşı imkan olar. Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. Azərbaycanlılara məxsus həmin ərazilərdə hər şey dağıdılıb və həyat yoxdur. Qərbi azərbaycanlıların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması anlamına gəlmir deyən Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki,  necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik.