YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ədalətli sülhün tərəfdarıdır

“Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə vərərək Azərbaycanın daxili və xarici siyasəti, strateji inkişafı, iqtisadi-sosial islahatlar və eləcə də qarşıda duran məqsədlərin müəyyən olunması baxımından çox vacib elementlərə toxunub. Maraq doğuran əsas məsələ hazırda bölgədə Azərbaycanla Ermənistan arasındakı münasibətlər, sülh gündəliyi və regional güclərin bölgədə maraqları ilə bağlı mövzuların şərh edilməsi oldu”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü Asif Əsgərli deyib. Bildirib ki, dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi: “Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu. Dövlətimizin başçısı müsahibədə, həmçinin Qərbi Azərbaycana qayıdış strategiyası, Zəngəzur dəhlizinin açılması və ölkədə yeni idarəetmə mexanizminin qurulması ilə bağlı da vacib məqamlara toxundu.

Ümumilikdə Prezident İlham Əliyev tərəfindən şərh edilən məsələlər 2023-cü ildə qarşıda duran məqsədlərə çatmaq üçün nəzərdə tutulan strateji addımları və yol xəritəsini müəyyənləşdirdi.

Azərbaycanın bu ilki hədəflərinə çatması məqsədilə iqtisadi və hərbi qüdrətinin artırılması, yeni əməkdaşlıq platformalarının işlənməsi, Qərb və Şərqdə yeni tərəfdaşlarla münasibətlərin qurulması və siyasi dividendlərə hesablanan enerji diplomatiyasının davam etdiriləcəyi də xüsusilə vurğulandı.

Baş verən qlobal dəyişikliklər fonunda yeni iqtisadi və nəqliyyat imkanlarının inkişaf etdirilməsi, Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə etməklə Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində yükdaşımaların həcminin artırılmasının da əsas məqsədlər sırasında olması bildirildi.

Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində ölkəmizin Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş siyasətinin əsas prinsip və istiqamətlərini bir daha açıqladığını vurğulayan A.Əsgərli qeyd edib ki, dünyada gedən mürəkkəb proseslər sülhün və əməkdaşlığın əhəmiyyətini artırır. Bildirilib ki, bölgədə maraqları olan böyük güclərdə öz imkanlarını daha çox sabitliyin təmin olunmasına töhfə verməyə səfərbər etməlidir. “Təəssüf ki, bəzi ölkələrin siyasətində biz bunun tam əksini müşahidə edirik. Fransa belə ölkələrin sırasında ilk yerlərdə dayanır. Prezidentin də vurğuladığı kimi, Fransanın Azərbaycana qarşı qeyri-adekvat münasibətinin səbəbləri barədə aydın və məntiqli izah tapmaq çox çətindir.

Biz hər zaman əməkdaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlərin tərəfdarı olmuşuq və bunu konkret fəaliyyətimizlə nümayiş etdirmişik. Hesab edirəm ki, Fransanın indiki hökumətinin mövqeyi anlaşılmaz olmaqla yanaşı, həm də zərərlidir. Çünki bu, nə region xalqlarının maraqlarına, nə də Fransanın öz milli mənafelərinə cavab verir. Hər halda bu, onların öz seçimidir”.

Asif Əsgərli qeyd edib ki, Prezidentin “bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur” deməsi Azərbaycanın sülh ölkəsi olmasını bir daha göstərir: Buna baxmayaraq dövlətimizin başçısı “Amma ölkəmiz üçün təhlükə olduğu təqdirdə, lazımi addımlar atılacaq” deyə əlavə edib.

Prezident İlham Əliyev 2023-cü ildə İkinci Qarabağ müharibəsinin real sonu olacağına ümid etdiyini də dilə gətirdi. Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Bəli, Azərbaycanın ədalətli sülh gündəliyini təşviq edən, bölgə xalqlarının dinc birgəyaşayışını, qarşılıqlı faydalı əməkdaşlığını arzulayan, beynəlxalq hüququn norma və prinsiplərinə sonadək əməl edən, qlobal məsuliyyətini özündən dəfələrlə böyük ölkələrdən daha çox anlayan və bunu əməldə sərgiləyən bir dövlət kimi üçüncü müharibəyə başlamaq niyyəti yoxdur. Amma ölkəmizə qarşı hər hansı bir təxribat planlaşdıranlar, səbrimizi sınağa çəkmək istəyənlər bizim təklif etdiyimiz ədalətli sülhü daha ağır şərtlər altında qəbul etməyə məcbur olacaq və sonsuzadək xətalarının cəzasını çəkəcəklər.

Bu baxımdan sülh, etimada söykənən münasibətlər bölgədə uzun müddətli sabitliyin, təhlükəsizliyin təmin edilməsində maraqlı olan bütün region dövlətlərinə, onların öz xalqlarının gələcəyini düşünən liderlərinə, siyasət adamlarına lazımdır. Sülh davamlı sabitliyin təmin olunması üçün başlıca amildir. Təbii resursları, rəqabətə davamlı sənayesi olmayan, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin yan keçdiyi ölkələr üçün isə sabitlik həyati əhəmiyyət kəsb edir.

“Məhz bu baxımdan Ermənistanın sülhə bütün digər ölkələrdən daha çox ehtiyacı var. Təəssüf ki, bu ölkənin regiondan kənar güclərin nüfuz müvəkkilliklərini icra edən liderləri, tarixi yalanların və zəhərli ultra millətçi ideyaların girovuna çevrilmiş, müasir dünyanın reallıqlarını dərk etməyi bacarmayan, özünün və bölgə xalqlarının potensialını düzgün dəyərləndirmək iqtidarında olmayan toplumu sülhün onlar üçün yeganə çıxış yolu olduğunu qəbul edə bilmir, yaxud qəbul etməyə özündə cəsarət tapmır. Xarici amillərlə yanaşı, sahib olduqları etnososial xarakterləridə buna mane olur. Buna görə də Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur”,- deyə A.Əsgərli vurğulayıb.