YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dünya düzənində Azərbaycanın yeri ön sıralarda olacaq

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru

Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına bir növ ənənə halını alan növbəti geniş müsahibəsini verdi. Artıq ölkə ictimaiyyəti, bütövlükdə xalqımız dünyada baş verən proseslərə, ölkəmizlə bağlı narahatlıq doğuran məqamlara münasibəti ən etibarlı mənbə kimi qəbul etdikləri birinci şəxsin dilindən eşitməyə vərdiş ediblər. Təbii ki, dövlət başçımız xarici kütləvi informasiya vasitələrinə olduğu kimi, yerli mediaya da tam açıqdır və gündəmi dəyişdirən siyasi, iqtisadi, mədəni hadisələri nəzərə alaraq tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edir,  bütün vacib mövzularla bağlı rəy və fikrini bildirir, təkliflərini verir. Ancaq sıravi vətəndaşlarımızdan tutmuş cəmiyyətin üst təbəqəsinin təmsilçilərinə qədər hər kəs dövlət başçısının geniş müsahibələrini intizarla gözləyir və diqqətlə dinləyirlər. Bu müsahibədə də xalqımızı haqlı narahat edən çox məsələlərə aydınlıq gətirildi, belə demək mümkündürsə, dostlara da, düşmənlərə də açıq mesajlar verildi. Cənab Prezidentin toxunduğu ən vacib məqamları aşağıdakı şəkildə ümumiləşdirmək olar:

İlk qeyd edilən məsələ böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yarımçıq qalan bəzi məsələlərin tədricən yoluna qoyulması ilə bağlıdır. Cənab Prezident də xüsusi vurğuladı ki, müharibə bitsə də, mübarizəmiz başa çatmayıb və savaşdan sonra görülən işlər, atılan addımlar bu ali məqsədimizə çatmağa hesablanıb. Söhbət, təxminən, 20-25 minə yaxın erməni vətəndaşlarımızın toplum yaşadığı və Rusiya sülhməramlılarının yerləşdiyi Xankəndi və ona bitişik bir çox kənd və şəhərlərdə dövlət nəzarətimizin bərpa olunması, ərazilərimizin ermənilərin qanunsuz silahlı birləşmələri və revanş xülyası ilə yatıb-duran separatçılardan tamamilə təmizlənməsindən gedir. Ancaq görünən odur ki, post müharibə dövründə bir çox güc mərkəzlərinin, dövlətlərin Azərbaycanla bağlı oynadıqları ikili oyunlardan həvəsə düşən ermənilər imza atdıqları kapitulyasiya aktı ilə götürdükləri öhdəlikləri yerinə yetirmək istəmirlər. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan III Qarabağ müharibəsinin olmasını istəmir. Çünki biz döyüşlə işimizi tam bitmiş hesab edirik, bundan sonrakı məsələlər siyasi yolla həll olunmalıdır.

Bu istiqamətdə ən böyük nailiyyətimiz Vətən müharibəsinin nəticələrinin, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların dünya ölkələri tərəfindən qəbul edilməsidir. Müharibənin başa çatmasından bir gün keçməmiş Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ədalətli mübarizə apardığımızı əksər dünya ölkələrini inandırdı. Bəzi erməni cəfakeşlərinin ciddi səylərinə baxmayaraq ölkəmiz haqlı olduğu halda haqsız duruma düşmədi, qınaq obyektinə çevrilmədi. Sözsüz, burada bizə Türkiyə kimi qardaş, İngiltərə, İsrail və sair dost ölkələrin də təmsil olunduqları birliklərin böyük rolu olub.

Yox, yenə də puç olmuş “böyük Ermənistan” xülyaları ilə yaşayanlar bilməlidirlər ki, Qarabağ Azərbaycandır! Əgər bir halda vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın baş naziri Nikol Paşinyan indi “Dünyanın bütün ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, başqa yol yoxdur” deyirsə, bunun əksini düşünərək Azərbaycanla yenidən müharibəyə cəhd etmək, özünüintihardan başqa bir şey deyil.

“Ən yaxşı müdafiə hücumdur” prinsipi ilə mübarizə aparan Ali Baş Komandan İlham Əliyev haqlı olaraq hesab edir ki, sülh istəyən ölkə özü də həmişə müharibəyə hazır olmalıdır. Bu məntiqlə yola çıxılaraq Azərbaycan Ordusunun müharibədən dərhal sonra yenidən qurulması, yeni şəraitə uyğun ordu birləşmələrin, xüsusən komando birliklərinin yaradılması və II Qarabağ müharibəsinin taleyinin həll olunmasında əsas pay sahibi olan Xüsusi Təyinatlı Qüvvələrin sayının əsaslı şəkildə artırılması, ordumuzun ən müasir silah və sursatla təchiz olunması məsələləri qısa müddətdə öz həllini tapdı. Burada cənab Prezidentin önəm verdiyi və ictimaiyyətə də etdiyi tövsiyəsi odur ki, qələbədən başgicəllənmə olmamalı, eyforiyalara qapılmamalı, sevinməkdən çox, yol verilmiş nöqsanlar üzərində işləməli, problemləri tamamilə aradan qaldırılmasına nail olmaq istiqamətində çalışmaq lazımdır.

Ordunun yenidən hazırlanması və daha da güclənməsi düşmənə və onun havadarlarına baş verənlərdən nəticə çıxarması üçündür. Ona görə ölkə rəhbəri müsahibəsində də qeyd edir ki, biz yeni qarşıdurma istəməsək də qalibiyyətimizdən nəticə çıxarmayanlara, bizi yeni müharibə ilə təhdid edənlərə operativ və daha sərt cavabımız ola bilər. İndiyə qədər baş vermiş “Fərrux”, “Qisas” və nəhayət sentyabr ayında “Qətiyyətli cavab” əməliyyatlarının bir məqsədi də dəmir yumruğun yerində olduğunu nümayiş etdirmək idi. Baxmayaraq ki, dövlət başçımız 2023-cü ildə artıq Qarabağ söz-söhbətlərinin bitəcəyi il ola biləcəyini proqnozlaşdırsa da, ancaq görünən odur ki, erməni xislətindən irəli gələn təxribatlar davam edəcəksə, bu il də yuxarıda qeyd olunan əməliyyatların təkrarlanacağı istisna edilmir: “Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.

Dövlət nəzarətini hələlik tam bərpa etmədiyimiz ərazilərdə yerüstü, yeraltı sərvətlərə qarşı aparılan erməni vandalizmini durdurmaq üçün ekofəallarımızın bir aydan artıqdır ki, təşkil etdikləri aksiyaya yüksək qiymət və açıq dəstək verən ölkə Prezidenti bu prosesin əsas məqsədlərimizə çatana qədər davam edəcəyini söylədi. Buradan da başqa bir nəticəyə varmaq olur ki, separatçılar tərəfindən qanunsuz hallar sonsuza qədər davam edə bilməz. Onlara elə dövlət başçımız çox düzgün çıxış yolu göstərdi ki, ərazidə yaşayan erməni vətəndaşlarımız Azərbaycan dövləti tərkibində, onun qanunları çərçivəsində yaşamaq istəyirlərsə, buyursunlar. O zaman bölgənin sərvətlərindən qanuni şəkildə, ekologiya zərər vurmadan istifadə edə biləcəklər. Əgər başqa şəkildə düşünürlərsə, onda Laçın dəhlizi açıqdır, istədikləri vasitələrlə bölgəni tərk edib, aid olduqları yerə gedə bilərlər: “Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır”.

Prezident İlham Əliyevin məlum müsahibədə aydınlıq gətirdiyi başqa bir məsələ Qərbi azərbaycanlıların geri dönüşünün təmin olunması ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, dövlət başçımız ötən ilin əvvəlində Naxçıvanda əcdadlarının məzarlarını ziyarət edərkən yerli televiziya müsahibəsində bu ziyarətin Şuşanın azad edilməsindən sonra Ulu Öndərin məzarının ziyarətinin davamı hesab etmiş və ürəyində olan bəzi fikirlərinin olduğunu amma onların hələki dilə gətirməyin tez olduğunu bildirmişdi. Amma bu günlərdə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə artıq həmvətənlilərimizin öz doğulub boya-başa çatdığı, ermənilər tərəfindən qovulduğu torpaqlara qayıtması proseslərinə başlanılmasını elan etməyi Onun o zaman ürəyində tutduğu arzuların açıq söyləməyinin də əsl zamanından xəbər verir. Bu onun göstərir ki, “Qərbi Azərbaycan” problemi heç vaxt unudulmayıb. Sadəcə Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması sadəcə arxa plana keçmişdi. Prezident qeyd edir: “Qarabağ problemini həll etməmiş bu haqda danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq”.

Onu da bildirək ki, təkcə Qərbi azərbaycanlılar deyil, bütöv Azərbaycanımızın arzu-istəyidir ki, soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Çünki bu, onların hüququdur. Ona görə ki, bu günə qədər əzəli və əbədi düşmənlərimiz olan ermənilər anlamalıdırlar ki, Qərbi Azərbaycana qayıtmaq tələbimiz torpaq iddiası deyil. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır. Prezident əlavə edir: “Mən, eyni zamanda, İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə - Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik”.

Bu məsələdə də dövlət başçısı xalqın birliyinə arxalanır. Necə deyərlər, Qarabağ problemini Azərbaycan xalqının birliyi həll etdi, eləcə də eyni yanaşma bu vacib məsələdə özünü göstərməlidir.

Cənab İlham Əliyevin müsahibəsində söz açdığı ən vacib fikirlərdən biri də dünyada baş verən son proseslər fonunda və yaxın gələcəkdə formalaşacaq yeni dünya düzənində Azərbaycanın yeri və rolunun nədən ibarət ola biləcəyi ilə əlaqədar idi. Hər şeydən öncə dövlət başçımızın Ukrayna-Rusiya müharibəsini III Dünya müharibəsi adlandırması olduqca cəsarətli addımdır. Çünki ona qədər heç bir dünya lideri cürət edib, bir müharibəni əsl adı ilə adlandırmayıb. Sözün hər bir mənasında fərqli üsullarla olsa da ABŞ və əksər Avropa ölkələri  bu müharibənin iştirakçılarıdır. Prezidentin də bəyan etdiyi kimi, Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur: “Çünki ənənəvi təsisatlar səmərəli qaydada fəaliyyət göstərmirlər və bundan sonra da göstərməyəcəklər. Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra. Bax, bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir. Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük, əlbəttə ki, bunu biz çox dəqiq müəyyən etməliyik. Çünki biz həmişə reallığa söykənməliyik və qarşımıza qeyri-real hədəfləri qoymamalıyıq, bölgədə və dünyada öz yerimizi bilməliyik və möhkəmləndirməliyik. Yenə də əsas məsələ xaricdən gözlənilən mümkün riskləri sıfra endirməkdir ki, bu qədər buna müvəffəq olmuşuq və bu gün müzakirə mövzusu olan atılan addımlar da məhz buna hesablanıb”.

Cənab İlham Əliyevin bu möhtəbər fikirləri belə bir əminlik yaradır ki, qlobal proseslərin, baş verən müharibələrin nəticəsindən asılı olaraq formalaşacaq istənilən dünya düzənində Azərbaycanın yeri mütləq ön sıralarda olacaq. Ölkəmizin həm coğrafi mövqeyi, həm də yeraltı-yerüstü sərvətləri və eyni zamanda, baş verən proseslərdə dövlət başçımızın ədalətli və qətiyyətli mövqeyi də bunu təsdiq edir.

Prezident İlham Əliyevin dəfələrlə altını cızaraq diqqətə çatdırdığı kimi, ölkəmizin yerini düzgün seçməliyik və qarşıya da qeyri-real xülyalarla dolu, yerinə yetirə bilməyəcəyimiz, bəzi siyasilərin populistik çıxışlarına hesablanan hansısa bir hədəf qoymamalıyıq. Qarşımıza qoyduğumuz konkret, real hədəflərə çatmaq üçünsə, mütləq bir olmalıyıq, bir yerdə, bir hədəfə vurmalıyıq.