YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Ötən ilə nəzər saldıqda bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Hər il olduğu kimi, keçən il Azərbaycan idmanı üçün də uğurlu il olmuşdur.  Çünki keçən ilin əvvəlində bütün sahələrlə yanaşı idmançılarımızın qarşına qoyulan bütün vəzifələr də icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır.  İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışında qeyd etdiyi kimi ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Əminəm ki, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.

Əldə edilən uğurlar, qazanılan qələbələr arxayınlıq yaratmamalı, gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.

Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var.

İdman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.

 İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub.

2023-cü ildən gözləntilırimiz çoxdur. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Gənc idmançılarımıza qalib ölkəni təmsil etmələri stimul verir. Bu il çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. Olimpiya Oyunlarının təsnifat turnirləri əvvəllər də keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.

Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrə şamil olunmalıdır. Bölgələrdə təbliğat daha geniş vüsət almalıdır.

Keçən il həm də azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışının keçirilməsi ilə yadda qaldı. Bunun çox böyük tarixi əhəmiyyəti var. Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır.

Cənab Prezidentin çıxışından öyrəndik ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir.

Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.

Qazanılan qələbələr, əldə edilən uğurlar ölkə başçısının idmançılarımıza göstərdiyi qayğının, diqqətin təzahürüdür.