YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davam edəcəyik!

Türkiyənin Manisa şəhərindəki Azərbaycan Qardaşlıq Parkında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Manisa Azərbaycanlı Tələbələr Dərnəyi və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin gənclər şöbələrinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qanunsuz fəaliyyətinə dərhal son qoyulması tələb edilib.

Aksiyada çıxış edən Manisa Azərbaycanlı Tələbələr Dərnəyinin sədri Elmir İsmayılzadə bildirib ki, Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq talamaqla Ermənistan və erməni separatçıları Qarabağda ekoloji təxribat törədir və təbiətə böyük ziyan vurur. Rusiya sülhməramlıları isə Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgələrə daxil olmasına və müşahidə aparmasına imkan vermir.

“Manisadakı soydaşlarımız azərbaycanlı ekofəalların və qeyri-hökumət təşkilatları nümayəndələrinin Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə keçirdikləri fasiləsiz aksiyaları dəstəkləyirlər. Biz Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirik. Erməni separatçılarının talanları dayanana qədər etirazlarımız davam edəcək”, - deyə Elmir İsmayılzadə vurğulayıb.

Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Azərbaycan sərvətlərinin talan olunmasına son!”, "Ekoloji cinayətə son!", "Ekoloji terrora yox!" şüarlarının əks olunduğu plakatlar nümayiş etdirilib.