YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycana qayıdış pozulmuş ədalətin bərpasıdır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında olarkən həmin bölgədən olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə diqqət çəkən dövlət başçısı Qərbi Azərbaycana qayıtmağın zəruriliyini vurğulayıb. Ölkə başçısı bununla bağlı bütöv bir konsepsiya ortaya qoyub.

Qeyd edək ki, Qərbi Azərbaycana qayıdış, hər şeydən öncə, tarixi ədalətin bərpası baxımından vacibdir. Çünki bu torpaqlar qədimdən Azərbaycan ərazisinin bir hissəsi olub. 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələrindən sonra çar Rusiyası dünyanın müxtəlif ölkələrindən minlərlə erməni ailəsini bu əraziyə köçürüb. Çar Rusiyasının bu addımında məqsəd ermənilərin hesabına özünə sosial baza yaratmaq, onlardan Türkiyə və Azərbaycana qarşı istifadə etmək olub. Nəticədə on minlərlə azərbaycanlı doğma ev-eşiyindən didərgin salınıb. Bu baxımdan, azərbaycanlıların öz vətənlərinə – Qərbi Azərbaycana qayıdışı tarixi ədaləti bərpa etmək baxımından zəruridir.

Qərbi Azərbaycana qayıdışı zəruri edən amillərdən biri də insan hüquqları faktoru ilə bağlıdır. XIX əsrin birinci yarısından etibarən Qərbi Azərbaycandakı soydaşlarımız bu torpaqlara köç edən ermənilər tərəfindən yaşamaq hüququndan məhrum edilib, onların malına və canına qəsd olunub. Dəfələrlə soyqırımına və deportasiyalara məruz qalan Qərbi Azərbaycandakı yüz minlərlə soydaşımız insani hüquqlardan məhrum edilib. Bu baxımdan, vaxtilə bu torpaqlardan deportasiya edilən insanların, onların nəvə-nəticələrinin yenidən öz doğma yurdlarına qayıtması insan hüquqlarının təmini baxımından vacibdir.

İrəvanda azərbaycanlılara məxsus bütün mədəni irsi, dini-tarixi abidələri məhv ediblər. Məscidlər, qalalar, saraylar, tarixi-mədəni abidələr, qəbiristanlıqlar məqsədli şəkildə sıradan çıxarılıb. Bu gün Azərbaycan xalqının qarşısında duran əsas vəzifələrdən biri həmin mədəni irsə yenidən həyat vermək, onun bərpasına nail olmaqdır. Bu, tariximizin və mədəniyyətimizin yaşadılması və təbliği baxımından da son dərəcə mühüm əhəmiyyətə malikdir.

Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Məlum olduğu kmi, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldakı torpaqları azad etməklə milli qürurunu bərpa etdi. Bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz haqqını qorumağı bacarır. Bu baxımdan, Qərbi Azərbaycana qayıdışın təmin olunması milli qürurumuzun tam bərqərar olması, xalqımızın öz gücünü bütün dünyaya bir daha isbatlaması baxımından önəmlidir.

Prezident İlham Əliyev xalqımızın Qərbi Azərbaycana qayıtmaq niyyətində qətiyyətli olduğunu, bunun üçün dövlətimizin insanlara hər cür dəstək göstərəcəyini vurğuladı. Ölkə başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək. Bu məqsədə çatmaq üçün beynəlxalq hüququn imkanlarından da maksimum istifadə edəcək.

Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Xalqımızın üç əsrdir pozulan hüquqları təmin olunacaq, tarixi ədalət öz yerini tutacaq. Bu uğur Vətən müharibəsindəki şanlı qalibiyyətimizin siyasi-diplomatik, mədəni-ideoloji müstəvidəki davamı olacaq. Azərbaycan xalqının yenilməz lideri İlham Əliyev isə 8 Noyabr Zəfəri kimi, bu böyük qalibiyyətin də baş memarı olaraq tarixdə qalacaq.