YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlıları böyük qüvvədir

Həbib Cəfərov 

YAP Astara rayon təşkilatının sədri

«Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır.» Dövlət başçısı İlham Əliyev bu ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında bu fikirlərinin davamı olaraq belə bir çağırışı da səsləndirdi ki,  əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər: «Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.»

Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki,  xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.

Keçilən yola qısa nəzər salaq. Azərbaycanın dövlət müstəqilliyinin qarantı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar davamlı olub.  Bu hərəkatın tarixinə nəzər salınsa 50 milyonluq xalqımızın milli birlik və həmrəylik rəmzi olan təşkilatlanma təşəbbüsünün müəllifinin ulu öndər Heydər Əliyevin olduğunu böyük əminliklə qeyd edirik.  Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci ildə keçirilən sessiyasında qəbul olunan qərarın birinci bəndində qeyd edilmiş «31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin» sözləri ilə türk birliyinin, disapor hərəkatının təməli qoyuldu. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasının möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirən Ulu Öndərin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənə məhəbbət duyğularını birləşdirdi. «Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli- mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir» söyləyən, qurultayda Azərbaycanın 50 milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər ən böyük azərbaycanlı missiyasını yerinə yetirdiyini Vətəninə, xalqına sonsuz məhəbbəti ilə bildirirdi.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Belə ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar  tarixdə görünməmiş dərəcədə fəallıq göstərdi, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.