YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi azərbaycanlıların hüquqları bərpa ediləcək

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə Prezident İlham Əliyev tarixi faktlara əsaslanan, eyni zamanda proqram xarakterli nitq söylədi. Ölkə başçısı vurğuladı ki, qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Azərbaycanın yaxın tarixinə nəzər yetirdikdə görürük ki, 1948-1953-cü illərdə, eləcə də 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı cinayətlər törətmiş, xalqımız deportasiyaya məruz qalmışdır. Həmçinin müxtəlif illərdə Azərbaycana məxsus əzəli torpaqlar Ermənistana verilmiş, bir sözlə xalqımıza məxsus torpaqlarda Ermənistan dövləti yaradılmışdır.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə qeyd etdi ki, Azərbaycan həqiqətləri davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi olub, şəhərsalma adı altında bütün tarixi binalar, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. İndiki Ermənistan Azərbaycan torpağıdır və bu ərazidə heç vaxt Ermənistan olmayıb. Belə ki, bütün başqa millətlər qovulmuş, başqasının torpağında Ermənistan dövləti qurulmuşdur.

 Odur ki, tarixi faktları və mövcud həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün vahid formada informasiya fəaliyyəti həyata keçirilməli, Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Bu rəqəmsal platformada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalı və bunun əsas hədəfi qərbi azərbaycanlıların öz əzəli torpaqlarına qayıdışı olmalıdır. Ölkə başçısı bu əsasda fikir bildirərkən onu da qeyd etdi ki, mütləq Qayıdış Konsepsiyası hazırlanmalı və bu sülhsevər konsepsiya olmalıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalarda məqbul olan müddəaları götürüb onun əsasında öz hüququnu tələb etməlidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlarımıza xidmət edən düşünülmüş siyasəti nəticəsində Azərbaycan xalqı öz istəyinə nail olur və bundan sonra da nail olacaq.  Azərbaycan xalqı artıq iki ildir ki, müzəffər xalq kimi yaşayır. Tarixi Zəfər qazanmış xalqımız dünya miqyasında tamamilə yeni bir vəziyyət yaradıb. İnamını itirmiş xalqlar da bu gün Azərbaycan xalqına oxşamaq istəyirlər. Bu cür tale-yüklü məsəslərdə əsas olan məsələlərdən biri də inamı itirməməkdir. Hələ 11 il öncə öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olanda Prezident İlham Əliyev demişdir: “Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm”. Ölkə başçısının 11 il öncə dediyi sözlər artıq reallıqdır. Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə bu faktı əsas gətirərək Prezident İlham Əliyev qeyd etdi ki, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Ölkə başçısı böyük inamla bildirdi ki, gün gələcək, biz Qərbi Azərbaycanda da gözəl məclis keçirəcək və bu günü xatırlayacağıq.