YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz hər zaman həqiqəti deyirik

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev 2010-cu ildə Qarabağ icmasının mərkəzi qərargahının açılışında bu əminliyi ifadə etmişdir: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır.”

Bugünkü reallıqlar Prezident İlham Əliyevin bu əminliyinin təsdiqidir. Artıq iki ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Dövlət başçısı dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə diqqəti tariximizin faciəli səhifələrinə yönəldərək bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi: “Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər.”

Azərbaycan dövləti 30 il dünyanı bu həqiqətləri nəinki öyrənməyə, ikili standartlara əsaslanan siyasətə son qoyub ədaləti, beynəlxalq hüququ kağız üzərində deyil, real addımlarında müdafiə etməyə çağırdı. Dünya yenə də seyrçi mövqeyindən əl çəkməyərək işğalçını adı ilə çağırmaq, ona qarşı sanksiyalar tətbiq etmək barədə düşünmədi. Məhz bu ikili standartlar Ermənistanı yeni ərazilər uğrunda müharibə planları hazırlamağa, sonda bu çirkin niyyətindən irəli gələrək 27 senyabr 2020-ci ildə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutaraq 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu. Cənab İlham Əliyev sözügedən görüşdə də bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük. Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.

Azərbaycan real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatını uğurla davam etdirir. Xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməsi bütün dövrlərin əsas çağırışları sırasındadır. Cənab İlham Əliyevin bildirdiyi kimi, biz hər zaman həqiqəti deyirik.

Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir.  Ağalı kəndinin timsalında xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər Ağalıya qayıdıblar. Eynisini Qərbi Azərbaycanda da görəcəyimizə əminik.