YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ və Şərqi Zəngəzur iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çeviriləcək

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz qətiyyəti və dəmir yumruğu sayəsində Azərbaycan 30 ilə yaxın işğala son qoyaraq öz torpaqlarını işğaldan azad etdi. İşğal dövründə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan ərazilərində urbisid törədilmiş, yaşayış məntəqələrimiz xüsusi vəhşiliklə dağıdılmış və təbii sərvətlərimiz talanmışdır. Ərazilərimizin azad edilməsindən sonra burada bərpa və quruculuq işlərinə sürətli şəkildə başlanılması dövlətin əsas prioritetlərindən biri oldu. Həyata keçirilən quruculuq işlərinin əsas məqsədi Ermənistanın işğal siyasəti nəticəsində bu ərazilərdən məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın tezliklə Böyük Qayıdışını həyata keçirməkdir.

16 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin tarixi Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram Böyük Qayıdışı həyata keçirmək üçün kompleks tədbirləri əhatə edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən proqram bu ərazilərin sosial iqtisadi potensialı nəzərə alınmaqla həmçinin beynəlxalq təcrübədən yararlanılmaqla müasir çağırışlara uyğun şəkildə hazırlanmışdır. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğulaşdırılmaqla Proqramda “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanılıb.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin əlaqələndirilmiş şəkildə icrası, həmin ərazilərin ölkə iqtisadiyyatına uyğunlaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün institusional bazanın formalaşdırılması başlıca amildir. Bu istiqamətdə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə peşəkar idarəetmə modelini özündə əks etdirən çevik mexanizmlər yaradılmışdır. Azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı, su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiya, müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılması bu institusional mexanizmlərin tərkib hissəsidir.

Dövlət Proqramı çərçivəsində burada yaşayacaq insanların rifahının dayanıqlı şəkildə təmin olunması üçün sosial ədalətin qorunması prinsipi əsasında geniş miqyasda özünüməşğulluq proqramlarının icrası nəzərdə tutulur. Bununla bərabər iqtisadi canlanma baxımından Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının özü-özünü təmin edən inkişaf dinamikasına malik regiona çevirilməsi hədəflənir.

Azərbaycan dövlətinin xarakterik xüsusiyyətlərindən biri qarşıya qoyulan hədəflərin təxirə salınmadan icrasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən ərazilərimiz tezliklə regionun aparıcı sosial-iqtisadi mərkəzinə çeviriləcəklər. Burada tədbiq olunan dayanıqlı inkişaf modeli digər dövlətlər üçün nümunədir.