YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Xəyal Məmmədovun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Vətən müharibəsi şəhidi mayor Xəyal Ağabəy oğlu Məmmədovun doğum günü ilə əlaqədar əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himinin səsələndirilməsindən və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar. Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.

Şəhid Xəyal Məmmədovun ailə üzvləri adından çıxış edən anası İltifat Məmmədova, həyat yoldaşı Röyalə Məmmədova, döyüş yoldaşları adından Pəsərək Fərzalı şəhid ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra bədii hissə olub, şəhid Xəyal Məmmədovun övladları vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, müğənni Aydın Sani isə şəhidin xatirəsinə ithaf etdiyi mahnını ifa edib.

Xatırladaq ki, mayor Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 20-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid Xəyal Məmmədov Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.