YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni yollar işğaldan azad olunmuş ərazilərin loqistik əhəmiyyətini artırır

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

Ölkəmizdə 2022-ci ilin əsas uğurlarından biri də işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa və quruculuq işlərinin sürətlə davam etdirilməsidir. Bu ilin iqtisadi mənzərəsi göstərir ki, Prezident İlham Əliyevin xüsusi nəzarəti altında işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərin miqyası olduqca genişdir.  Artıq bir neçə şəhərin baş planı təsdiq olunub, yeni yaşayış məhəllələrinin, inzibati binaların təməli qoyulub. Ən başlıcası isə Qarabağa və Şərqi Zəngəzura qayıdış üçün ilk növbədə geniş yollar çəkilir.

Belə bir əhəmiyyətli yol isə Şuşaya çəkilən Zəfər yoludur. Bu həm də işğaldan azad edilmiş ərazilərdə başa çatdırılan ilk infrastruktur layihələrindən biridir. Ordumuzun Şuşa şəhərini düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan bu avtomobil yolunun inşası dövlət başçısının daimi nəzarəti altında idi. Vətən müharibəsində qələbənin birinci ildönümü ərəfəsində - 2021-ci il noyabrın 7-də yolun açılışı oldu. Bu yolun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin davamı idi.

Bəli, bu gün Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Xüsusilə gələn illərdən başlayaraq beynəlxalq nəqliyyat sisteminə qoşulmaqla avtomobil nəqliyyatının fəaliyyət dairəsi xeyli genişləncəkdir. Bu da iqtisadiyyatın inkişafına, xarici iqtisadi əlaqələrin artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə kömək etmiş olacaq. Artıq başqa nəqliyyat sahələrində olduğu kimi, avtomobil nəqliyyatı vasitəsilə də Azərbaycan  Avropa, Mərkəzi Asiya və Rusiya ilə Yaxın Şərq ölkələri arasında dəhliz rolunu oynayacaq.

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin  uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində təkxətli dəmir yolu xətti üzrə Bərdə, Köçərli, Təzəkənd, Qərvənd stansiyaları və Ağdam dəmiryol vağzalı yenidən tikiləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Müzəffər Ali Baş komandan tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrə bərabərdir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya tikintisi planlaşdırılır. Layihə üzrə tikinti-quraşdırma işləri 2023-cü ildə başa çatacaq.

Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək təkxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Bundan başqa ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Onun uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.

Bəli son 20 ildə Azərbaycanda 19 000 kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. O cümlədən bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Həmçinin dövlətimiz Qarabağda və Şərqi Zəngəzurda hava limanları açmaqla, magsitral avtomobil və dəmir yolları çəkməklə buranı beynəlxalq nəqliyyat-loqistka mərkəzinə çevirməyi planlaşdırır.