Xəbərlər
Xankəndiyə gedən yolu biz yox, Rusiya sülhməramlıları bağlayıb

Nərgiz Babayeva
YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru
Şuşa yaxınlığında Xankəndiyə gedən yolun üzərində azərbaycanlıların etiraz aksiyası fasiləsiz davam edir. Aksiyanın nə zaman yekunlaşağacağına dair hələ ki, dəqiq təsəvvür yoxdur.
Burada bir məqamı da xüsusi qeyd edək ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Yaranmış vəziyyətdə Rusiya sülhməramlı qüvvələri ilə bağlı Ermənistanda fikir ayrılığının dərinləşməsi müşahidə edilir. Ermənistan hakimiyyəti sülhməramlı qüvvələri ciddi tənqid hədəfinə çevirdiyi halda, radikal müxalifət onları açıq şəkildə dəstəkləyir.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın sərvətlərinin qanunsuz şəkildə istismarı davam etdirilir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası ərazidəki qanunsuz fəaliyyətlərə qarşı ictimaiyyətin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bir daha xatırladaq ki, bu il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.
Ermənilər və onların havadarları bu aksiyaya başqa don geyindirməyə, onu humanitar fəlakət kimi təqdim etməyə çalışırlar. Ancaq bizim rəsmi dəirələrimiz bəyan edir ki, bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər.
Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. Buna görə də, ermənilərin bu dəfəki məkirli yalanları da keçərli olmadı.