YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: 28 may tarixi Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir

«28 may tarixi  bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki həmin gün Azərbaycan dövlət müstəqilliyinin elan olduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil». Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Məsələn, gürcülər Almaniyanın vədlərinə arxalanıb  seymdən çıxdılar. Ermənilərin də həmişəki kimi xaricdən dəstəyi olduğu üçün həmin addımı atmağa hazırlaşırdılar. Amma Azərbaycan xalqının özü  öz taleyini həll etməli idi. Çünki gürcü və ermənilərdən fərqli olaraq Azərbaycanın bölünmə ehtimalı var idi, bəzi güclər Azərbaycanın ərazisini qəsb etmək istəyirdilər. Həmçinin, Bakı şəhərinin Rusiyanın tərkibinə verilməsi təhlükəsi var idi. Yəni 1918-ci ildə reallıq belə idi.  Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi.

«Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz  bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edərək ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə  ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin,  Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər millətin şərəfini xilas edərək, müstəqil dövlət qurdular. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib»- deyə, F.İbrahimli qeyd edib.