YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

10 noyabr 2020-ci il tarixdə imzalanmlş Üçtərəfli Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Təbii ki, Azərbaycan xalqının da səbrinin bir həqddi var. Məhz Şuşa-Laçın yolunda təşkil olunmuş və bir neçə gündür ki, davam edən etiraz aksiyasının əsas səbəbləri Üçtərəfli Bəyanatın şərtlərinə Ermənistan tərəfindən tam əməl edilməməsidir. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılmışdır. Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq işçi qrup tərəfindən monitorinqin keçirilməsinə maneçilik törədilib. Məhz buna etiraz əlaməti olaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etriaz aksiyası keçirmək qərarı veriblər. Vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Keçirilən haqlı etiraz aksiyası ilə əlaqədar rəsmi İrəvan manipulyasiyalar etməyə çalışır və qərəzli iddialar səsləndirir. Belə ki, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir.

Münaqişə bitməsinə baxmayaraq, müharibə cinaəytlərindən qalmayan Ermənistan Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edir. Ermənistanın bu qanunsuz əməllərinin qarşısı qəti surətdə alınmalıdır. Həmçinin kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Bundan əlavə, əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı da Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

Şuşa-Laçın yolunda etiraz aksiyası keçirən fəalların da əsas məqsədi odur ki, Ermənistan və eləcə də separatçıların bütün növ qanunsuz əməllərinə son qoyulsun. Etirazçılar hər hansı yolu bağlamayıblar və onlar sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Yol isə Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Ermənistanın yolun bağlanması ilə bağlı absurd bəyanatları əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.

Ermənistan çoxnövlü terror törərtməklə məşğul olan ölkədir və bu ölkənin Azərbaycana qarşı ekoterrorizm siyasəti bu gün də davam edir. Belə ki, Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır. Ermənistanın törətdiyi cinayətlər beynəlxalq təşkilatların da hesabatlarında qeyd edilir.  ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb.

DİGƏR Xəbərlər Arxiv