YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Türkmənistan bir-birinə ortaq mənəvi dəyərlərlə sıx bağlıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin Türkmənistana səfəri, səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının geniş və məhdud tərkibdə görüşlərinin keçirilməsidir. Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Üçtərəfli Zirvə Görüşü bir daha türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinin önəminə işıq saldı.

Bu reallıq inkaredilməzdir ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi istiqamətində davamlı addımlar atılır. Bunu dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin davamlı xarakter alması, ölkələrarasında müxtəlif sahələrin inkişafına xidmət edən sənədlərin imzalanması və sair kimi addımlar da təsdiqləyir. Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü çərçivəsində 6 sənədin imzalanması da bu tərkibdəndir. Yeni əməkdaşlıq formatının yaradılması həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinə imkanlar yaradacaq.

Dövlət başçısı İlham Əliyev çıxışında “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır” söyləyərək onu da əlavə etdi ki, haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Ötən il 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşa Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Belə ki, Şuşa Bəyannaməsi dünyaya bir mesaj oldu. Bu, birlik, həmrəylik, sülh, əməkdaşlıq mesajı idi. Vətən müharibəsinin başlandığı gündən “Azərbaycan tək deyil” bəyanatını səsləndirməklə dünyaya mesajını çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövrünün mühüm hadisələrində də Azərbaycan Prezidentinin yanında oldu. Dünyaya Zəfərimizin təqdimatı olan Zəfər paradından  başlayaraq Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya  açılmasına qədər  dünya Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığının şahidi oldu.

“Zirvə Görüşümüzün ölkələrimiz, bölgəmiz və bütün Türk dünyası üçün xeyirli olmasını Rəbbimdən arzu edirəm. Qardaşlıq bağlarımızla güclənən əlaqələrimizin sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcəyinə ürəkdən inanıram” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə Allahın izni ilə mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir. Türk Dövlətləri Təşkilatının önəmindən danışan Türkiyə Prezidenti qeyd etdi ki, keçən il təşkilata müşahidəçi üzv olaraq qatılan Türkmənistanın ən qısa vaxtda tamhüquqlu üzv olması gücümüzü daha da artıracaq: “Əziz qardaşım cənab Qurbanqulu Berdiməhəmmədovun təşkilatımızın Ağsaqqallar Şurasına qatılması sıralarımızı genişləndirmişdir. Şimali Kipr Türk Respublikasının Səmərqənd Zirvə Görüşündə təşkilatımıza müşahidəçi olaraq qəbul edilməsi də birlik və bərabərliyimizi möhkəmləndirmişdir”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin Türkmənistana səfəri və Zirvə Görüşündə iştirakı ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, mühüm sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Hər üç ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Müxtəlif sahələrdə genişlənən, daha da möhkəmlənən əlaqələrimiz onu deməyə əsas verir ki, Azərbaycan, Türkiyə və Türkmənistan yeni əməkdaşlıq formatını yaratmaqla bu birliyə töhfələrini artırmaq niyyətindədirlər.