YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zirvə Görüşü Türk Dünyasını parlaq gələcəyə aparacaq

Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Müasir dövrdə Türkdilli ölkələr iqtisadi - siyasi sahələrdə böyük inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan dövlətinin göstərdiyi səylər nəticəsində Türkdilli Dövlətlər Təşkilatının yaradılması bu inkişafı daha da sürətləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Orta Asiya regionunda yerləşən Türkdilli dövlətlər və Türkiyə Cümhuriyyəti ilə ikitərəfli  və çoxtərəfli iqtisadi-siyasi əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Azərbaycanla Türkdilli dövlətlər arasında ticarət dövriyyəsi hər il artan templə yüksəlməkdədir.

Prezident İlham Əliyev dekabrın 14-də Türkmənistanda Azərbaycan,  Türkiyə  və Türkmənistanın dövlət başçıları arasında təşkil olunmuş üçtərəfli Zirvə Görüşündə Azərbaycan - Türkiyə, Azərbaycan - Türkmənistan arasında iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması, eləcə də Şimal - Cənub, Şərq -Qərb dəhlizlərinin yaradılması istiqamətində Azərbaycanın həyata keçirdiyi böyük nəqliyyat  - logistika layihələri barədə çıxış etdi.

Azərbaycan, Türkiyə və Türkmənistanın eyni soykökə, ortaq mənəvi, dini, mədəni  dəyərlərə malik olması bütün sahələrdə əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasına böyük zəmin yaratmışdır. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. 2021-ci ildə Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında Şuşa Bəyannaməsinin imzalanması siyasi əlaqələrimizi yüksək səviyyəyə çatdırmışdır. Hər üç Türkdilli dövlətlər bütün nüfuzlu və aparıcı beynəlxalq təşkilatlarda bir-birinə böyük dəstək göstərir, iqtisadi sahədə də əməkdaşlıq hər il yüksəlməkdədir. Cari ilin 10 ayı ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard dollara çatmışdır. 2022-ci ildə Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artmışdır.

Türkmənistan zəngin qaz ehtiyatlarına malik bir dövlətdir. Hesablamalara görə Türkmənistan qaz ehtiyatlarına görə dünyada 4- cü yeti tutur. Gələcəkdə Türkmənistan qazının Avropaya ixrac edilməsi üçün Azərbaycandan Avropaya cəkilən Trans - Adreatik qaz kəmərinə qoşulması görüşdə müzakirə edilən məsələlər sırasında yer almışdır. Bu iqtisadi fayda ilə yanaşı hər iki dövlətin Avropada siyasi nüfuzunun artmasına böyük təsir göstərər.

Azərbaycan Şimal - Cənub, Şərq - Qərb nəqliyyat dəhlizlərinin reallaşmasında müstəsna rol oynayır. Azərbaycan bu marşrut dəhlizlərinin reallaşdırılması üçün öz ərazisində avtomobil, dəmir yol xətlərinin, və hava nəqliyyatı ilə bağlı böyük layihələr həyata keçirmişdir.

Avropa ilə Asiyanı birləşdirən, iqtisadi cəhətdən bütün dövlətlər üçün səmərəli olan Zəngəzur dəhlizinin açılması istiqamətində də Azərbaycan dövləti tərəfindən böyük işlər görülmüşdür. 2024-cü ildə bütün işlərin tamamlanacağı və Zəngəzur dəhlizinin açılışı reallaşacaq. Azərbaycan dövlətinin bu məsələdə mövqeyi qətidir və tərəfdaş dövlətlər də Zəngəzur dəhlizinin açılması üçün böyük səylər göstərir.

Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçıları arasında keçirilən birinci Zirvə Görüşündə ticari - iqtisadi, elm, təhsil, mədəniyyət, gömrük, energetika və nəqliyyat sahələrində əməkdaşlığa dair sənədlər imzalanmışdır. Bu Zirvə Görüşü Türk Dünyasını parlaq gələcəyə aparacaq, Türkdilli dövlətlərin birləşməsi və inteqrasiyası prosesinə böyük töhfə verəcək.