YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Həştərxanda yad edilib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərində keçirilən anım tədbirlərində iştirak edib.

Həştərxan hökuməti sədrinin müavini Denis Afanasyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə Azərbaycan İş Mərkəzində Ümummilli Liderin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş olunub.

Çıxışlarda bildirilib ki, Heydər Əliyevə təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuşdur. Bu gün Azərbaycanın dinamik inkişafı məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Ulu Öndərin ideyalarının əbədi yaşadılmasının nəticəsidir.

Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəbdə Həştərxan hökuməti sədrinin müavini D.Afanasyev, Həştərxan vilayətinin təhsil naziri E.Uqarov, Həştərxan şəhərinin meri O.Polumordvinov, Azərbaycan nümayəndə heyəti, diaspor nümayəndələri, məktəb kollektivi və şagirdlərin iştirakı ilə anım tədbiri keçirilib. Əvvəlcə məktəbin foyesində Ümummilli Liderin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışıblar.

Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir olunan məktəbin direktoru T.Tixomirova çıxış edərək Ulu Öndərin həyat yolundan danışıb, yaradılmış şəraitə və məktəbə göstərilən davamlı diqqətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürünü bildirib. Bundan əlavə, Ulu Öndərin anadan olmasının 100 ili ilə bağlı silsilə tədbirlərin, Abşeron rayonu ilə Həştərxan vilayətinin məktəbliləri arasında müsabiqələrin, telekörpü formatında dialoqların və digər müxtəlif səpkidə tədbirlərin keçirilməsini nəzərdə tutan tədbirlər planının hazırlandığı barədə məlumat verilib.

Sonra Həştərxan Dumasının sədri İqor Martınov, Həştərxan hökuməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov və vilayətin bir sıra hökumət üzvləri, Azərbaycan nümayəndə heyəti, Azərbaycan diasporunun üzvləri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə əklillər və gül dəstələri qoyublar.

Həştərxan şəhərində yerləşən “Qardaşlıq məzarlığı” da ziyarət edilib, II Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə əbədi məşəl önünə güllər düzülüb.

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə də görüşüb. Ölkəmizlə Həştərxan vilayəti arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu olduğunu vurğulayan İ.Babuşkin, Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini, 2023-cü il ərzində “Heydər Əliyev İli” çərçivəsində Həştərxan vilayətində də bir çox tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açıb, Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirib.