YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin ən böyük arzusu olan şanlı Qələbəmiz günümüzün əsas reallığıdır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri  

Zaman hadisələrə düzgün dəyər vermək üçün zəngin mənbədir. Bu gün Azərbaycanın biri-birini əvəzləyən uğurlarından bəhs edirik. Amma bu əsas məqamı da unutmayaq ki, qazandığımız uğurlar böyük qətiyyətin, səylərin, ən əsası düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan 1991-ci 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etsə də ilk illərdə yaşananlar hər kəsin yaddaşında olmaqla yanaşı, gənc nəsil tərəfindən tarix dərsliklərindən öyrənilməkdə, tariximizin qara səhifəsi kimi vərəqlənməkdədir. O illərdə Azərbaycan ən ağır günlərini yaşayırdı. Xalqımız yenidən qazandığı müstəqilliyin sevincini deyil, mövcud ağır vəziyyətdən çıxmağın yollarını axtarırdı. Belə çətin dövrdə xalqımız öz xilaskarını-ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider dövlətinə, xalqına bağlılığını xalqın səsinə səs verməsi ilə təsdiqlədi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi, inkişafı şərtləndirən amilləri açıqladı. Sabitlik inkişafın əsası kimi qeyd olundu. Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq qeyri-mümkündür. Məhz onun uğurlu daxili siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, cəbhə xəttində atəşkəs sazişi imzalandı. Bu mühüm addım həm ölkədə sabitliyin dönməz xarakter alması, həm də digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılması üçün çox vacib idi. Sabitliyin təmin olunması fonunda ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, transmilli şirkətlərin tərəddüdlərinə son qoyuldu. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan yerləşdiyi coxrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Dahi şəxsiyyət uğurlu siyasəti ilə sabitlik yaratmaqla xarici investorlara bu çağırışı etdi ki, yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Azərbaycanın qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsi də deyilənlərin təsdiqidir.

İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra diqqət yönəltdiyi əsas məsələlərdən biri məhz ordu quruculuğu oldu və belə bir çağırışı səsləndirdi ki, Azərbaycan bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır: “Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir." 12 may 1994-cü ildə atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.

2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarında sabitliyin bütün inkişafın əsas olduğu, iqtisadi inkişafın dayanıqlılığının təmin olunması, güclü ordunun formalaşdırılması xüsusi yer tutur. Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkə kimi dünyanın diqqətindədir. Ölkəmizin iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsində də bu amilin rolu inkaredilməzdir. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Bütün uğurlarımız 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun torpaq, Vətən sevgisi hər zaman dövlət başçısı tərəfindən xüsusi qeyd edilir.

Bu gün böyük qürur hissi ilə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsindən, cənnət məkana çevrilməsindən bəhs edirik. Ulu Öndərin ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bir sözlə, şanlı Qələbəmiz günümüzün əsas reallığıdır.