YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər birimiz Heydər Əliyev irsinin təbliğatçısı olmalıyıq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri  

Qalib Azərbaycan bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Təbii ki, bu uğurlar düzgün qurulan, gələcəyə hesablanan siyasətin nəticəsidir. Tariximizi vərəqlədikcə müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin  dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər geniş olduğunu daha aydın görürük. Dahi şəxsiyyətin hər bir çağırışı Azərbaycanın uğurlu gələcəyinə yönəlmişdir. Hər zaman bu inamı ifadə edirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, Azərbaycan təkmil təcrübəsi ilə dünyanın diqqətində olmasın. Möhtəşəm uğurları ilə dünyaya Günəş kimi doğan Azərbaycan son iki ildə tarixi Zəfərinin reallıqlarını, bunların fonunda hədəfləri bəyan edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın dünya birliyinin fəal üzvü, öz sözünü deyən ölkə kimi görmək istəyirdi ki, bu gün ölkəmiz bu baxımdan da diqqətdədir. Belə ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir.  Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.

Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi hər birimizin həyat amalına çevrilməklə yanaşı, azərbaycançılıq məfkurəsi ətrafında birliyimizə, həmrəyliyimizə, Vətənə, dövlətə, xalqa bağlılığımıza, vətənpərvərlik hissinin daha da artırılmasına bir çağırış oldu.  Ümummilli Liderin 1993-cü ildə xalqın səsinə səs verərək hakimiyyətə qayıdışı, xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxarması da Vətən, xalq sevgisindən qaynaqlanırdı. Hakimiyyətinin hər iki dövründə Azərbaycanın tarixinə biri-birindən önəmli uğur səhifələrini yazan ulu öndər Heydər Əliyev ölkəmizi daim zirvələrdə görürdü. Bu gün Azərbaycan xalqının dünya xalqları arasında ən xoşbəxt xalq kimi qərarlaşmasını şərtləndirən amillər də məhz budur. Dövlətinə, xalqına bağlı olan Lider daim ölkəsinin gələcəyi barədə düşünür, bütün yeniliklərin tətbiqinə çalışır, xalqın yüksək rifah şəraitində yaşayışını təmin edir. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən 2003-cü ildə növbəti inamın ünvanını göstərməsi bu baxımdan xüsusi dəyərləndirilir. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin torpaq, Vətən sevgisi, xalqa bağlılığı atdığı hər addımında özünü nümayiş etdirir.  Əsas amalı, hədəfi torpaqlarımızın işğaldan azad edilməsi olan cənab İlham Əliyev 17 il bütün fəaliyyətini bu məqsədə yönəldərək Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, ordumuzun döyüş ruhunun daha da artırılmasına, diplomatik mübarizədə Qələbəmizin təmin edilməsinə yönəltdi. İki il bundan öncə xalqımıza Qələbə sevincini yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bəyan etdi, adını tariximizə qalib Prezident kimi qızıl hərflərlə yazdı.

Azərbaycan hər zaman Heydər Əliyev siyasətinin möhtəşəm uğurlarını yaşayır və yaşayacaq. Reallıq budur ki, Azərbaycan müstəqil dövlət olaraq öz varlığını təsdiqlədi, sözünün imzası qədər dəyəri olduğunu bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində inamla addımlayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ulu öndər Heydər Əliyevin haqqında çoxlu kitablar, elmi əsərlər yazılıb, fəalyyətinin hər bir sahəsində araşdırmalar aparılıb. Çünki dahi şəxsiyyətin xidmətlərinin miqyası o qədər geniş, bugünkü və gələcək nəsillərə çatdırılacaq məqamlar o qədər sonsuzdur ki, daim araşdırmalara, yeni-yeni elmi əsərlərə, kitablara ehtiyac yaranır. Hər birimiz Heydər Əliyev irsinin təbliğatçısı olmalıyıq. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi, eyni zamanda, bununla bağlı 18 müddəadan ibarət Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin daha yeni istiqamətlərinin, ölçüyəgəlməz xidmətlərinin araşdırılmasında və gələcək nəsillərə çatdırılmasında öz sözünü deyəcək.