YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Şvıdkoy: Heydər Əliyev Azərbaycan xalqı qarşısında öz missiyasını yaxşı bilirdi

Heydər Əlirza oğlu Əliyevin anım günündə müasir Azərbaycanın bütün tarixi gözlərimiz önündə canlanır. Başa düşürük ki, o Naxçıvandan Bakıya qayıdarkən öz üzərinə nə qədər ağır bir yük götürüb.

Bu sözləri Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy söyləyib.

O deyib: “O vaxt, SSRİ dağılandan sonra Azərbaycan daxili münaqişələr girdabına düşmüşdü. Azərbaycan dövlətçiliyi üçün təhlükə yaranmışdı. Həmin dövrdə vəziyyətin nə dərəcədə dramatik, nə dərəcədə mürəkkəb olmasını indi biz tam təsəvvür edə bilmirik. Xalq Cəbhəsi aləmi qarışdırmışdı, ölkə parçalanmaq həddində idi, hərbçilər qiyam edirdi. Bu gün bütün bunlar az qala mifoloji təsir bağışlayır, əslində isə bunlar acı reallıq idi. Ölkə parçalanmaq təhlükəsi qarşısında idi. Bu vəziyyəti nizamlamaq üçün müdriklik, uzaqgörənlik və təcrübə ilə yanaşı, qeyri-adi inanılmaz energetikaya, daxili inama malik olmaq lazım idi. Bu, onun öz həyatı üçün risk idi. Onun həyatı üçün hər gün, hər an real təhlükə vardı. Öz missiyasını anlamaq, çox güclü enerjiyə malik olmaq lazım idi. Sözün bu mənasında Heydər Əliyev öz missiyasını, Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi qarşısında borcunu yaxşı başa düşürdü”.

M.Şvıdkoy vurğulayıb ki, Heydər Əliyevin xatirəsinə nəinki postsovet məkanında, bütün dünyada dərin hörmət bəsləyirlər. O deyib: “Heydər Əliyev dünyasını dəyişəndən sonra görülmüş işlərə, İlham Heydər oğlunun fəaliyyətinə, onun beynəlxalq həyatda Azərbaycanın rolunu başa düşməsinə böyük hörmət bəsləyirəm. Lakin Heydər Əliyevin gördüyü işlər demək olar ki, mifoloji xarakterli hadisədir. Biz onun xatirəsini ehtiramla yad edirik, çünki Heydər Əliyevə hörmət bəsləyirik. Onun xatirəsinə nəinki postsovet məkanında, bütün dünyada dərin hörmət bəsləyirlər. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Heydər Əliyevin parlaq zəkalı insan olduğunu xatırladaq Mixail Şvıdkoy deyib: “Heydər Əliyevdə fitri qəhrəmanlıq var idi. Bu, yalnız öz tarixi missiyasını hiss edən şəxsiyyətlərə xas olan cəhətdir. Vladimir Vladimiroviç Putin Rusiyanın Prezidenti olanda o, Heydər Əliyevlə görüşdü. Onların arasında çox vacib, qiymətli dostluq münasibəti yarandı və xoşbəxtlikdən bu ünsiyyət İlham Heydər oğlu ilə münasibətlərə də sirayət etdi. Bu, Rusiya üçün çox vacibdir. Mən Heydər Əlirza oğlu Əliyevin xatirəsi qarşısında baş əyirəm”.