YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur”

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirib.

Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində Ümummilli Liderin abidəsi önünə tər çiçəklər qoyub, xatirəsini ehtiramla yad ediblər.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Ucar şəhər 3 nömrəli tam orta məktəbinin tarix müəllimi Ləman İbrahimli “Heydər Əliyev – Müstəqil Azərbaycan dövlətçiliyinin banisidir”, Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulov “Böyük xalqın qüdrətli Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyev”, Qarabörk kənd tam orta məktəbinin direktoru Aysel Həmidova “Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır”, Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova “Heydər Əliyev milli ideologiyamızın və müstəqilliyimizin memarıdır” mövzularında çıxış ediblər. Qeyd olunub ki, Ümummilli Lider bütün ömrü boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

Şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev bildirib ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır.