Xəbərlər
Azərbaycanın xarici işlər naziri Rusiya Federasiyası hökuməti sədrinin müavini ilə görüşüb
Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozin ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri qeyd edib ki, Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya XİN-in rəhbəri Sergey Lavrov və RF Dövlət Dumasının sədri Sergey Narışkin ilə səmərəli görüşləri olub. Nazir həmçinin bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığın gedişindən bəhs edib. E.Məmmədyarov deyib: “Sevindirici haldır ki, ən böyük nümayəndə heyəti Rusiyadan gələcək”.
D.Roqozin bildirib ki, “Bakı-2015” Oyunları üçün tikilmiş idman obyektlərinə tamaşa etmək məqsədilə Bakıya getməyi planlaşdırır. O qeyd edib ki, Rusiya Həndbol Federasiyasının Himayədarlıq Şurasının sədri və Praktik Atıcılıq Federasiyası Şurasının sədridir. D.Roqozin Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə Oyunların proqramına sambo yarışlarının daxil edilməsindən məmnun olduğunu bildirib.
Görüş zamanı həmsöhbətlər iki ölkənin sosial-iqtisadi əməkdaşlığına dair məsələləri müzakirə ediblər.