YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradının böyük siyasi, tarixi və rəmzi mənası var

Anar Məmmədov

Milli Məclisin deputatı

Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu və 2020-ci il Azərbaycan xalqının ən qürurlu, ən parlaq zəfər ili kimi yaddaşlara həkk olundu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır.

Biz bu qələbəni döyüş yolu ilə qazandıq. 44 günlük müharibədə Azərbaycan döyüş meydanında Ermənistanı darmadağın etməklə 30 ilə yaxın davam edən işğala son qoydu. Bu qalibiyyətinin fonunda bütün dunya güclü Azərbaycan dövlətini gördü. Beynəlxalq ictimaiyyət xalqımızın öz haqqı uğrunda əzmlə mübarizə aparmaq bacarığına şahidlik etdi. Prezident İlham Əliyev bu Qələbə ilə qalib Azərbaycan dövlətini dünyaya təqdim etdi. Qələbə paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyildi. Bu, həm də bölgədə erməni faşizminin məhv edilməsinin nümayişi idi.Ona görə də dekabrın 10-da keçirilən Zəfər paradının böyük siyasi, tarixi və rəmzi mənası var.

10 dekabr 2020-ci il tarixində Bakıda keçirilən Qələbə paradı dünya tarixində II Dünya müharibəsindən bəri Sovetlər İttifaqının faşizm üzərində qələbəsindən sonra keçirdiyi ilk qələbə paradıdır. Müstəqillik tariximizdə də bu günə qədər bir neçə dəfə hərbi parad təşkil edilmişdi. Lakin 10 dekabr paradı son 200 ilin ən möhtəşəm, ən parlaq hərb tarixini yazan Azərbaycan Ordusunun qüdrətinin nümayiş olunduğu gün idi. Vətən torpağının hər qarışı uğrunda qanı ilə tarix yazan şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şərəfinin, qürurunun, igidliyinin, mərdliyinin təqdimatı idi bu parad.

Ölkə başçısı bundan öncəki hərbi paradda qeyd etmişdi ki, növbəti hərbi parad Qələbə paradı olacaq və Şuşaya sancılan Zəfər bayrağı gətiriləcək. Bu paradda  biz bir daha ölkə başçısının bizə - Azərbaycan xalqına verdiyi bu sözü də tutduğunun şahidi olduq. Şuşaya sancılan Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi. Bu Qələbə paradı dosta güvən, qürur, düşmənə isə zillət və kədər bəxş etdi.

Bakının baş meydanında keçirilən Qələbə paradı ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın rəzilliyini dünyaya nümayiş etdirdi. 30 il müddətində ordusu haqqında “miflər” yaradan, “keçilməz sədləri” ilə öyünən bir ölkənin silahlı birləşmələri, “dağılmaz-keçilməz” sədləri 44 günə Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Bu parad azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvolu oldu, ermənilər üçün isə məğlubiyyət, rəzillik kimi olaraq yaddaşlarda qaldı.Təsadüfi deyil ki, Azərbaycan Ordusunun şanlı qələbəsi hətta dünyanın supergüc dövlətlərinin hərbi dairələri tərəfindən heyrətlə qarşılandı və İkinci Qarabağ müharibəsindən dərslər çıxarılması vacibliyi haqda mülahizələr populyarlaşmağa başladı.

Vətən müharibəsindəki tarixi zəfərimiz həm də bunu göstərdi ki, Azərbaycan xalqı ümummilli maraqlar naminə bir “dəmir yumruq” kimi birləşməyə qadirdir. Vətən sevgisi, torpağa sədaqət bütün maraqlardan və hisslərdən üstündür. Azərbaycan xalqı öz torpaqlarını vandal düşməndən azad etməklə, olduqca mühüm bir president yaratdı. Yəni pozulmuş ərazi bütövlüyü gec və ya tez bərpa olunur. Sadəcə, sonadək yorulmadan mübarizə aparmaq lazımdır.

Zəfər paradı təkcə Vətən müharibəsində qazanılmış qələbəmizin deyil, həm də xalqımızın iradəsinin, qürurunun, birliyinin tərənnümü oldu. Paradda Azərbaycan əsgərləri ilə yanaşı, türk əsgərlərinin də iştirak etməsi iki ölkə arasında möhkəm birliyin olmasının göstəricisi idi. Azərbaycan və Türkiyə Prezidentləri paradı birgə qəbul edərək növbəti dəfə misli görünməmiş qardaşlıq, birlik nümunəsini dünyaya nümayiş etdirdilər. Vətən müharibəsində şanlı qələbəmizin rəmzi olan Zəfər paradı bütün türk dünyasının tarixinin mühüm bir səhifəsinə çevrildi. Nəzərə almaq lazımdır ki, parad həm də dövlət diplomatiyasının bir formasıdır. Belə ki, bu paradda Azərbaycan xalqı təcavüzkar Ermənistana və onun havadarlarına mesaj göndərərək, Azərbaycan xalqına qarşı təxribatlardan,  ərazilərinə qarşı təcavüzdən, iddialardan çəkinməyə çağırdı. Bunun əksi olacağı təqdirdə düşmənin aqibətinin necə olacağı haqqında artıq dünyada aydın təsəvvürlər yarandı.

DİGƏR Xəbərlər Arxiv