YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri   

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra əsas hədəf bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda da bu məsələyə xüsusi diqqət yönəltdi. 

Tarixi Zəfərimizin ilk günündən Avropa İttifaqının, cənab Şarl Mişelin vasitəçiliyi ölkəmiz tərəfindən dəstəklənir. Dövlət başçısı İlham Əliyev bildirir ki, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Çünki Azərbaycana və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyacımız var. Bu baxımından Prezident Mişelin təşəbbüsü vaxtında olub. Brüsseldə bir neçə uğurlu görüş keçirildi. Cənab İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Azərbycan tərəfi əvvəldən demişdi ki, bu, qətiyyən mümkün deyil. Dövlət başçısı bildirir: “Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.”

Praqa görüşündə Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz: “Beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram.”

Dövlət başçısı İlham Əliyev konfransda dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağını da açıqladı. Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək.

Praqa görüşündən sonra Fransanın ölkəmizə qarşı qərəzdən irəli gələn addımları hər kəsə məlumdur. Görüşdən bir həftə sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Makronun bu sayıqlamalarının ardınca Fransa Senatı tamamilə qəbuledilməz və təhqiredici  qətnamə qəbul etdi. Fransa Milli Assambleyasının qəbul etdiyi daha bir anti-Azərbaycan qətnaməsi diqqətdə oldu.

Ermənistanın baş naziri Nikol Paşinyanın Makronun görüşdə iştirakı ilə bağlı  təklifi sülh prosesini pozmaq cəhdi kimi dəyərləndirilir. Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışında bir daha vurğuladı: “Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!”

Bu sırada İranın da ölkəmizə qarşı beynəlxalq hüquqa zidd əməlləri diqqətdən kənarda qalmır. Qonşu dövlətin Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurmanın sona çatmasından sevinmək əvəzinə işğalçı dövlətə dəstək göstərməsi riyakar, ikiüzlü siyasətinə işıq saldı.

Doğrudan da 44 günlük müharibə, həmçinin postmünaqişə dövrü həqiqət anı oldu. Dövlətlərarası münasibətlərdə etimad mühitini qoruyan dövlətlər postmünaqişə dövrünün reallıqlarına ədalət meyarından yanaşaraq dəstəklərini ifadə edirlər. Şərin, təcavüzkarın yanında olanlar isə hər vəchlə sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar. Bütün hallarda Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq.