YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Laçın şəhərimiz öz əvvəlki əzəmətinə qovuşacaq

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlara cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları tarixi zəfərimizlə nəticələndi. 30 ilə yaxın erməni işğalı altında vandalizmə və talançılığa məruz qalan tarixi torpaqlarımız azad olunaraq, öz həqiqi sahiblərinə qovuşdu. 44 gün ərzində davam edən dövlətimizin, xalqımızın həmrəyliyi və dəstəyi, yüksək vətənpərvərliyi, xüsusilə ordumuzun qətiyyəti və qüdrəti ilə qazandığımız qələbə tariximizin ən parlaq və qürurlu səhifələrindən biridir. Biz ermənilərə və onların havadarlarına, Qarabağ münaqişəsinin həll edilməsi üçün missiyalandırılmış bir sıra dövlətlərə, ATƏT-in Minsk Qrupuna, bir sözlə 30 il ərzində heç bir nəticə verməyən danışıqlar prosesində iştirak edənlərə öz gücümüzü göstərdik. Bəzilərinin münaqişənin həllində sözdə maraqlı görünsələr də, əməldə maraqlı olmayan, süni olaraq münaqişəni uzadaraq, işğal faktının daha uzun illər davam etməsinə şərait yaradanlara bir daha sübut etdik ki, Azərbaycan dövləti və xalqı bu işğalla barışmadı. Biz öz gücümüz və peşəkarlığımız, öz ordumuzun qəhrəmanlığı sayəsində ədaləti və beynəlxalq hüququ təmin etdik. BMT Təhlükəsizlik Şurasınım 30 ilə yaxın bir müddətdə özünün qəbul etdiyi, lakin icrasını təmin edə bilmədiyi qətnamələrini icra etdik, yerinə yetirdik. Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti, eyni zamanda dünya üçün olduqca önəmlidir. Çünki tarix ədalətin və beynəlxalq hüququn bərpa edilməsi erməni separatizminin, terrorçuluğunun məhvi  demək idi.

Tarixi Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərimiz işğaldan azad edildikdən sora Ermənistan müharibənin dayandırılması üçün bir çox dünya ölkələrinə xahişlər edir, Azərbaycanı bu haqq yolundan dayandırmaq istəyirdi. Hətta bunun üçün üçüncü qüvvələrin müharibəyə qoşulmasına və onlara kömək etməsinə ciddi cəhdlə səylər göstərirdi. Lakin heç bir təşkilat və ölkə Azərbaycanın beynəlxalq hüquqla rəsmən tanınan və qəbul edilən sərhədləri daxilində apardığı müharibəyə müdaxilə etmək iqtidarında deyildi. Azərbaycan öz haqq savaşında mübariz idi və qətiyyətlə bütün tarixi torpaqlarının işğaldan azad edilməsini hədəfləmişdi. Qeyd edim ki, bir sıra ermənipərəst dövlətlərin müharibənin dayandırılması, Ermənistanın xeyrinə bir sıra nəticələrin əldə edilməsi cəhdlərinin qarşısı da qətiyyətlə alındı. Bu müharibə ərzində Azərbaycanın yanında olan, haqqı, ədaləti dəstəkləyən qardaş Türkiyə və bir sıra digər dövlətlərin siyasəti və diplomatik dəstəyi təqdirəlayiqidir.

Ermənistan, nəhayət, bütün məkrli niyyətlərinin puç olduğunu gördükdən sonra 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza atmağa məcbur oldu. Çünki Ermənistan ordusu artıq darmadağın edilmiş, gücü tükənmişdi. Azərbaycan ordusu işğalçı orduya öz yerini göstərmiş və onları diziüstə çökdürmüşdü. Tariximizə “10 noyabr bəyannaməsi” adı ilə daxil olan bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan, Ermənistanın təslimçiliyi nəticəsində işğaldan azad edilərək Azərbaycana təhvil verildi. Laçının Azərbaycana qovuşması 1 dekabr tarixində baş verdi. Bu tarix işğaldan azad olunmuş digər tarixi ərazilərimiz kimi bizim üçün qürurverici bir tarixdir. Bu tarixi hər bir azərbaycanlı artıq bayram edir. Biz tarixi, əbədi və əzəli Laçınımıza qovuşmağın sevincini və xoşbəxtliyini yaşayırıq. 2020-ci ilin 1 dekabr tarixi 30 il ərzində Vətən həsrəti çəkən, məcburi köçkün şəraitində yaşamağa məhkum edilmiş soydaşlarımızın həyatında əvəzsiz rolu olan, onların Vətən həsrətinə son qoyan tarixi zəfər günüdür. Bu qələbələr Azərbaycanın öz qüdrəti hesabına əldə edildi. Biz tarixi ərazilərimizə qayıtmışıq və orada əbədi yaşayacağıq.

İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə abadlıq-quruculuq işləri görülür. Laçın əvvəlki görkəminə, infrastrukturuna geri qayıdacaq. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə oradakı yendənqurma və inşa işləri sürətlə davam etdirilir. Dövlət başçısının iştirakı ilə Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması, Su elektrik stansiyasının açılışı, Laçın Beynəlxalq Hava Limanının təməlqoyma, Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq, “Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq, Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq, Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimlərinin baş tutması görüləcək işlərin miqyasını və mahiyyətini dərk etməyə əsas verir.