YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təkcə Qafqazda deyil, Avropada ən etibarlı tərəfdaş hesab olunur

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü 

Son illərdə ölkəmizin əldə etdiyi inkişaf tempi Azərbaycan Respublikasının beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirmək baxımından mühüm amil kimi dəyərləndirilir. Bütün dünyanın üzləşdiyi pandemiya bəlasından ölkəmizin hətta inkişaf etmiş Qərb dövlətlərinə nisbətən daha az itki ilə çıxması, xəstəliklə mübarizədə nümayiş etdirdiyi  mövqe və atdığı addımlar, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə regionda yaratdığı yeni reallıqlar Azərbaycanın nüfuzunu daha da atırdı.

Belə ki, postpandemiya dövrünü yaşadığımız və Avropada enerji təhülkəsiziliyi baxımından çətinliklərin baş verdiyi bu günlərdə ölkəmizlə əməkdaşlığa bütün dünya dövlətlərinin böyük maraq göstərməsi əbəs deyil. Xüsusilə son aylarda dövlət başçısının Avropa ölkələrinə səfərləri və onların nəticələrini təhlil edəndə, Azərbaycanın təkcə regionda deyil, Avropada ən etibarlı tərəfdaş hesab olunduğunu əyani surətdə görmək olur.

Bu baxımdan, dövlət başçısı İlham Əliyevin cari ilin avqust ayında İtaliyaya işgüzar səfəri, həmin ölkənin rəsmiləri görüşləri, imzalanan sənədlər, habelə İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı, sentyabr ayında Bolqarıstana, noyabr ayında isə Albaniya Respublikasına səfərləri mühüm əhəmiyyət kəsb edib. Məsələn,  İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi dövlət başçımızla görüşündə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Bununla yanaşı, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycanın dövlət başçısı ilə görüşdən sonra mətbuata verdiyi bəyanatında ölkəmizin Avropanın enerji təhlükəsziliyi üçün əvəzsiz rol oynadığını geniş şəkildə təsvir edib və birmənalı şəkildə Azərbaycanı arzuolunan, etibarlı tərəfdaş kimi qiymətləndirib. Bolqarıstana səfər zamanı bir çox dövlətlərin, o cümlədən Rumıniya və Yunanıstanın rəhbərləri Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə də Avropada ölkəmizin mühüm tərəfdaş olduğu qeyd edilib. Dövlət başçısının Tiranaya səfəri zamanı Albaniya Prezidenti Bayram Beqay isə Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsində, habelə öz ərazisində tranzit imkanlarından istifadə sahəsində əməkdaşlığın yeni yollarının açılması və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayıb.

Ümumiyyətlə, bir sıra Avropa ölkələrinin rəhbərləri ilə görüşlərdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd olunub. Belə ki, Rusiya-Ukrayna münaqişəsi Avropanın enerjidaşıyıcıları ilə təchizatında ciddi problemlərə yol açıb, qış mövsümündə bu məsələlər daha da aktuallaşır.  

Yeri gəlmişkən, qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra daha böyük əhəmiyyət qazanıb.

Bu günlərdə Prezident İlham Əliyevin Serbiyaya səfəri isə Avropa ölkələrində Azərbaycana və onun rəhbərinə göstərilən etimad və ehtiramın nə qədər böyük olduğunu bir daha ortaya qoydu. Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması ilə ölkəmizdən qaz ixracının həcminin artırılmasına, Avropadakı tərəfdaşlarımızın yeni layihələrə qoşulmasına, habelə qitədə enerji təhlükəsizliyinə Azərbaycanın töhfələri baxımından da önəmlidir.

Xüsusi olaraq qeyd edək ki, Serbiya Respublikası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandum imzalanması iki ölkə arasındakı əməkdaşlığın yeni müstəviyə qaldırılmasına təkan verəcək. Mətbuata açıqlamasında bu məsələyə toxunan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Avropanın gələcəkdə təhlükəsiz şəkildə enerji təchizatnda Azərbaycanın mühüm tərəfdaş olduğuna görə ölkəmizin başçısına minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərlə əsası qoyulan strateji tərəfdaşlığı konkret razılaşmalar və əməli addımlarla dərinləşdirmək üçün Serbiya hökumətinin mühüm işlər gördüyünü qeyd edən A.Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Avropada ən populyar şəxs olduğunu da dilə gətirib.

Son illərdə dünyada və regionumuzda baş verən dəyişikliklərin, yaranan yeni realllıqların nəticəsi olaraq Avropada ölkəmizə, onun liderinə böyük etimad və diqqət göstərilməsi danılmaz həqiqiətdir.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan yerləşdiyi regionda da etibarlı tərfdaşdır. Belə ki, Ermənistan istisna olmaqla, region ölkələri, o cümlədən Türkiyə, Rusiya, Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri qurub və bu əlqaələr hər keçən gün daha da inkişaf edir.

 Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək mümkündür ki, Azərbaycan təkcə Qafqazda deyil, Avropada ən etibarlı tərəfdaş hesab olunur. Ölkəmizə göstərilən bu etimad inteqrasiya və inkişaf perspektivləri baxımından xüsusi önəm kəsb edir.