YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçının həyatında yeni parlaq səhifə açıldı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi, sonda Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.

Son iki ilin ümumi mənzərəsi budur ki, Azərbaycan yeni reallıqlar yaratdı, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Cənab İlham Əliyev xalqa bütün müraciətlərində bu fikri xüsusi qeyd edirdi ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm.

Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur. Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə, işğala son qoymağa qadirdir. Bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatları yaradılır. 10 noyabr 2020-ci il Bəyanatının şərtlərinə uyğun olaraq dekabrın 1-də Laçın Azərbaycana qaytarıldı. Bu tarix Laçının həyatında yeni parlaq səhifəni açdı. Əvvəldə qeyd etdiyimiz kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazdı. Artıq bu şanlı tarix yaddaşımızdan torpaqlarımızın işğal olunduqları günü çıxarıb işğaldan azad olunduqları günü yazıb.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. Azərbaycan 44 gündə həm döyüş meydanında, həm informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirdi.

Laçının 28 ilik işğalına son qoyan 1 dekabr 2020-ci il tarixindən başlanan yeni dövrü biri-birindən əhəmiyyətli addımlarla zəngindir. Bu addımlar Laçının yenidən bərpasına və soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışlarına hədəflənib. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. İşğal zamanı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

İşğaldan azad edilən digər ərazilərimiz kimi, Laçın da erməni vəhşiliklərinin şahididir. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

Bütün dağıntılara baxmayaraq hər bir azərbaycanlı 30 illik torpaq həsrətinə son qoyulmasının sevincini yaşayır. Torpaqlarımızın işğaldan azad edildikləri tarixlərdən illər keçdikcə rəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti daha aydın görünür və bundan böyük qürur hissi keçiririk. Arxada qalan hər gün bu ərazilərin yenidən qurulmasına yönələn addımların geniş miqyas aldığının bələdçisidir. Bütün işləri daxili imkanları hesabına həyata keçirən Azərbaycan dövləti, xalqı bir daha dünyaya qurucu dövlət, xalq olduğunu nümayiş etdirir.

Onu da qeyd edək ki, 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.