YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Sumqayıtda “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Noyabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Sumqayıt şəhər təşkilatında “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. Bu tədbir də dövlətimizin başçısının təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə, gənclərin bu kimi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı olmalıdır. Elmli, bilikli gənclərin digər həmyaşıdlarının zərərli vərdişlərdən uzaqlaşmasında oynaya biləcəyi rol danılmazdır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının birinci müavini, ŞİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Teymur Səmədov narkomaniya ilə mübarizədə milli qanunvericiliyin rolundan bəhs edib.  T.Səmədov qeyd edib ki, hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş fərman imzalayıb. 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyev isə bu istiqamətdə bir neçə dövlət proqramı təsdiq edib. T.Səmədov Sumqayıt şəhərində gənclərin asudə vaxtının səmərəli təşkili, idmanla məşğul olmaları üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb. Bu da onların zərərli vərdişlərdən uzaq olmaları üçün vacib amildir.

Tədbirdə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Anar Əliyev və idarənin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşı, polis mayoru Azər Bağırov çıxış edərək narkomaniyaya qarşı mübarizə tədbirlərindən danışıb, gənclərin bu zərərli vərdişin qarşısının alınmasında rolundan bəhs ediblər. 

Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov slaydlar vasitəsilə məlumatlar təqdim edib. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın bir çox  bəndləri məhz maarifləndirmə məsələlərinə həsr olunub. Narkomaniya insanın həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Belə gənclər öz yaxınlarını da narkotik maddələrin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər”.

Daha sonra tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə bu istiqamətdə dəyirmi masaların,  idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir.