YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakının alternativləri, yaxud alternativsiz siyasəti: İrəvan fakt qarşısında! – TƏHLİL / VİDEO

Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması, əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində konstruktiv addımlar atmaqdadır. Ölkəmiz Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bir çox qlobal əhəmiyyət kəsb edən məsələlərin həllində də mühüm rol oynayır. Bir neçə gün öncə aparıcı beyin mərkəzlərinin nümayəndələrinin regional və qlobal proseslərin müzakirəsi üçün növbəti dəfə Bakıda bir araya gəlmələri də bu reallığı təsdiqləyir.

Postmüharibə dövründə rəsmi Bakının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi yönündə həyata keçirdiyi ardıcıl siyasət həm regional miqyasda, həm də geniş coğrafiyada mühüm perspektivlər vəd edir. Məsələn, Orta dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin reallaşması regionun tranzit potensialını artırmaqla dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Bu, aparıcı ölkələrin, beynəlxalq təşkilatların da marağındadır və nüfuzlu beyin mərkəzləri tərəfindən təqdir olunur.

Belə olan halda, Ermənistan da adekvat davranış sərgiləməli, nəqliyyat və kommunikasiyaların açılması, eləcə də digər razılaşmaların yerinə yetirilməsi istiqamətində konkret addımlar atmalı, məsuliyyətdən boyun qaçırmamalıdır. Ermənistan üçün alternativ yoxdur, Azərbaycanın isə hər zamankı kimi alternativləri çoxdur.  

Bunun Ermənistan üçün nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Xüsusilə, son vaxtlar bu ölkə tərəfindən hərbi təxribatların intensiv xarakter alması, ərazilərimizin minalanmasının davam etdirilməsi, Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyət üçün sui-istifadə halları Azərbaycanı sülhə məcburetmə addımlarını atmağa sövq edir.

Yəni Bakının səbri sonsuz deyil. İrəvan isə seçim etməlidir: ya Azərbaycanın sülhpərvər mövqeyi və humanist addımları qarşılığında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək hərbi təxribatlara son qoymalı, ya da… başqa yol yoxdur, əks halda, havadarları belə onu düşdüyü vəziyyətdən xilas edə bilməyəcək.

Azərbaycanın istəyi də, mövqeyi də bəllidir. İrəvan isə, sadəcə olaraq, fakt və seçim qarşısındadır…