YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda dünya şöhrətli “The Business Year” jurnalının Azərbaycana həsr edilən növbəti xüsusi buraxılışının təqdimatı keçirilib

Mayın 22-də Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2015” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2015”) təqdimat mərasimi keçirilib.

Jurnalın budəfəki xüsusi buraxılışı “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilib.

Tədbirdə çıxış edən nəşrin regional direktoru Betül Çakaloğlu jurnalın “The Buisness year: Azerbaijan-2015” xüsusi buraxılışı haqqında ətraflı məlumat verib. Bildirilib ki, jurnalın xüsusi buraxılışında ümumilikdə 16 məqalə, 108 müsahibə yer alıb. Jurnalın 97.700 nüsxədə çap olunan xüsusi buraxılışı il ərzində dünyanın müxtəlif ölkələrində keçiriləcək konfranslarda da təqdim ediləcək.

“The Business Year” nəşrinin baş redaktoru Leland Rays deyib ki, budəfəki nəşrdə Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlər, xüsusilə də ilk Avropa Oyunları haqqında dəyərli məlumatlar əksini tapıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasından danışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən “Şəmkir Aqropark” layihəsi barədə məlumat verib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, ölkəmiz özünün yeni inkişaf modelini yaradıb və mütərəqqi, rasional təcrübə kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması, davamlı sosial rifah və ümumilikdə ölkənin müasir simasının formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olub.

Əli Həsənov bildirib ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak ediblər. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir.

Prezidentin köməkçisi qeyd edib ki, artıq bir neçə həftədən sonra Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcək. Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində böyük işlər görülüb və bütün bu işlər vaxtında başa çatdırılıb. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə edib. Bu Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaq. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir.

Əli Həsənov deyib: “Hesab edirəm ki, bütün bunlar beynəlxalq ictimaiyyətin, dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın tanınmış “The Business Year” nəşrinin Azərbaycana yüksək diqqətini şərtləndirən mühüm amillərdir.”

Prezidentin köməkçisi vurğulayıb ki, “The Business Year: Azerbaijan-2015” nəşri Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələr haqqında dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq.

Sonra mükafatlandırma mərasimi olub.

Qeyd edilib ki, “The Business Year” nəşri müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslər, kommersiya və qeyri-hökumət strukturları üçün dünyada “İlin birincisi” mükafatını təsis edib.

Ekoloji tarazlığın təmin edilməsi, təbiətin mühafizəsi sahəsində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti yüksək qiymətləndirilib. “İlin beynəlxalq dialoqu” mükafatına IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın layiq görüldüyü bildirilib.

Sonra nəşrin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra qurumlara “İlin birincisi” mükafatları təqdim olunub.

Sonda Azərbaycanın dövlət siyasətinin təbliği və müsbət imicinin formalaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Business Year” şirkətinin xüsusi plaketinə layiq görülüb.

Qeyd edək ki, “The Business Year” jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq beşinci dəfədir nəşr olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusi buraxılışda dərc edilmiş müsahibəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, enerji siyasəti, birinci Avropa Oyunları və digər məsələlər hərtərəfli şəkildə əhatə olunub və təhlil edilib. Eyni zamanda, birinci Avropa Oyunları Təşkilat Komitəsinin və onun sədri Mehriban Əliyevanın fəaliyyəti, Oyunların təşkilinə məsul Əməliyyat Komitəsinin gördüyü işlər, bu sahədə həyata keçirilən tədbirlər geniş işıqlandırılıb.

Monako Şahzadəsi ll Albertin, Çexiya Prezidenti Miloş Zemanın, Pakistan Prezidenti Məmnun Hüseynin xüsusi buraxılışda dərc olunmuş müsahibələrində ölkələrimiz arasında münasibətlərin inkişafına dair dəyərli fikirlər öz əksini tapıb. Nəşrin digər qonaq müsahibi - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin əhəmiyyətindən bəhs edir.

Budəfəki buraxılışda Azərbaycanın dövlət orqanları rəhbərlərinin, biznes nümayəndələrinin ölkəmizin siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində əldə edilən nailiyyətlərlə bağlı müsahibələri də yer alıb.